Dünya 17:14 02.04.2023

Moldova iki il sonra Rusiyanın enerji resurslarından imtina edəcək - Maya Sandu

Moldova iki il ərzində Rusiyadan enerji asılılığını tamamilə aradan qaldıra bilər. 

Qaynarinfo xəbər verir ki, bunu "Moldova 1" telekanalının efirində ölkə prezidenti Maya Sandu deyib.

Onun sözlərinə görə, Moldova qaz tədarükündə artıq Rusiyadan praktiki olaraq müstəqildir. Bununla belə, ölkə Avropa enerji bazarındakı qiymət konyukturasından asılıdır, ona görə də enerji səmərəliliyinə və bərpa olunan enerji mənbələrinə investisiyalar lazımdır.

"Biz bu müstəqilliyi artırırıq və nə vaxtsa Rusiya Federasiyasından asılı olmayacağıq ki, bu da bizim təsir imkanlarımızı artırır, o cümlədən Dnestryanı münaqişənin nizamlanması prosesinə müsbət təsir edir", deyə Sandu bildirib.

Moldova prezidenti qeyd edib ki, Rusiyadan tam enerji müstəqilliyi iki ildən sonra Kişinyov-Vulkanesti magistral elektrik xəttinin tikintisi başa çatdıqdan sonra mümkün olacaq. Bu xətt Moldova və Rumıniyanın enerji sistemlərini birləşdirməyə imkan verəcək.

Qeyd edək ki, Rusiya Moldovada siyasi vəziyyəti sarsıtmağa və imkan daxilində orada rusiyayönlü dövlət çevrilişi təşkil etməyə çalışır. Bu məqsədlə Moldova əhalisinin rusiyayönlü hissəsindən istifadə edilir.

Prezident Maya Sandunun sözlərinə görə, Moldova kimin dost, kimin düşmən olduğunu yaxşı bilir. O, əmin edib ki, ölkəsi heç vaxt rusiyalı qatilləri dəstəkləməyəcək.

Moskvadan daha da uzaqlaşmaq siyasəti yürüdən Moldova hakimiyyəti praktiki olaraq rumın dili ilə eyni olan "moldova dili" adlanan dili "ləğv etmək" qərarına gəlib. Bundan on illərdir ki, Moldova və Rumıniya arasında yaxınlaşmanın qarşısını almaq üçün istifadə olunurdu. Rumın dili indi ölkənin rəsmi dilidir.

Aydın