Dünya 15:09 18.05.2023

Moldova Rusiyanın qaz asılılığından xilas oldu - Baş nazir

Moldova Ukraynada genişmiqyaslı müharibənin başlamasından sonra istehlakını azaltdıqdan sonra Rusiya qazından asılılıqdan qurtulub.

Qaynarinfo xəbər verir ki, bunu cümə axşamı ölkənin baş nazir Dorin Reçan Buxarestdə keçirilən təhlükəsizlik konfransında deyibş

"Müharibənin əvvəlində Moldovanın istehlak etdiyi enerjinin 100%-i Rusiyadan gəlirdisə, bu gün Moldova artıq Rusiyadan enerji təchizatından asılı deyil", - Reçan bildirib.

"Moldova artıq Rusiyadan təbii qaz istehlak etmir, Moldova Respublikası həm texniki, həm də kommersiya baxımından Avropanın enerji şəbəkəsinə inteqrasiya olunub", - o əlavə edib.

Reçanın sözlərinə görə, Rumıniya ölkəyə enerji problemlərinin öhdəsindən gəlməyə kömək edib.

Moldova qaz idxalında demək olar ki, tamamilə Rusiyanın Qazprom qaz şirkətindən asılı idi. Təbii qaz tədarükü Moldova ilə Rusiya arasında tez-tez mübahisələrə səbəb olub.

Xatırladaq ki, araşdırmaçı jurnalistlər bu yaxınlarda Rusiyanın Moldovaya təsir strategiyasını ifşa ediblər. Bu strategiya ölkənin Rusiya idxalından, xüsusən də qazdan asılılığından siyasi məqsədlərə çatmaq üçün istifadə etməyi nəzərdə tuturdu.

Ötən ilin dekabrından Rumıniya Yassı-Ungheni boru kəməri ilə Moldovaya qaz ixrac etməyə başlayıb.

Nizami Bağırov