Rusiyanın Kişinyovdakı səfirliyinin nümayəndəsi Rusiya xarici işlər naziri Sergey Lavrovun ölkədə rusdillilərə qarşı təzyiqlər barədə təhdidlərindən sonra Moldova Xarici İşlər Nazirliyinə çağırılıb.
Qaynarinfo Unian-a istinadla xəbər verir ki, bunu "Twitter” səhifəsində Moldova Xarici İşlər Nazirliyinin nümayəndəsi Daniel Voda
bildirib.
"Həmişə olduğu kimi, Kişinyov Dnestryanı nizamlamada dinc dialoqa tam sadiq qalır və Rusiyanı bizim ərazimizdə qanunsuz yerləşdirilmiş qoşunları çıxarmağa çağırır. Fərqli yanaşma ilə bağlı istənilən təklif əsassızdır", - Voda bildirib.
O, Moldovanın demokratik ölkə olduğunu, hər kəsin, o cümlədən rus, ukrayna, qaqauz, bolqar və digər azlıqların dillərində danışanların hüquq və azadlıqlarının təmin olunduğunu vurğulayıb.
Dəqiqləşdirmə üçün Xarici İşlər Nazirliyi Rusiyanın müvəqqəti işlər vəkilini çağırıb.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa İttifaqını 2003-cü ildə Moldovada "münaqişənin nizamlanması”nı pozmaqda ittiham edib. O, Dnestryanını "Rusiyanın anklavı" hesab etmir. Lavrov eyni zamanda ölkənin hazırkı hakimiyyətini ABŞ-la "oyunlarda” ittiham edib.
Qaqauziyanın da "xüsusi status”a iddialı olduğunu bildirən rusiyalı nazir "Rusdilli əhalinin maraqlarına zərər vurulmaması üçün hər şeyi edəcəyik”, - deyib.
Alpər