Polşanın Baş naziri Mateuş Moravetski bildirib ki, Almaniyanın "Leopard” tanklarının Ukraynaya təhvil verilməsi Rusiyanın fevralda mümkün hücumundan əvvəl həlledici əhəmiyyət kəsb edir. O bəyan edib ki, əgər yaxın vaxtlarda Almaniya ilə bu məsələdə razılıq əldə olunmazsa, Polşa "özünün bildiyi kimi” edəcək. Almaniya bu tip tankları istehsal edir, ona görə də onun razılığı olmadan başqa ölkələr vasitəsilə Ukraynaya çatdırıla bilməz.
Qaynarinfo xəbər verir ki, bu barədə "Polsat News” nəşri məlumat
yayıb.
O, Varşavanın Almaniyanın "Leopard 2” tanklarının Ukraynaya təhvil verilməsi ilə bağlı müraciətə mümkün qədər tez cavab verməsini təmin etməyə çalışacağını bildirib: "Burada razılaşma ikinci dərəcəli məsələdir; ya bu tez baş tutacaq, ya da özümüz istədiyimizi edəcəyik”, – Polşanın Baş naziri Davosdakı Dünya iqtisadi forumundan qayıdarkən bildirib.
O, həmçinin Boris Pistoriusun Almaniyanın müdafiə naziri təyin edilməsindən narahat olduğunu bildirib. Moravetskinin sözlərinə görə, Bundesverin yeni rəhbəri Almaniyanın keçmiş kansleri Gerhard Şröderin yaxın adamıdır, "Putinlə heç nə olmamış kimi danışan” adamdır.
Mateuş Moravetski Polşanın Ukraynaya 14 tank təklif etdiyini vurğulayıb. Mətbuat Almaniyanın Ukraynaya "Leopard" tanklarının göndərilməsi ilə bağlı qərarını bu həftə açıqlayacağını yazıb.
Nizami Bağırov