ABŞ Ukrayna ilə bağlı Rusiya ilə gizli danışıqlara başlayıb və Donbassda yenidən referendum keçirməyi təklif edib. ABŞ Ukraynada vəziyyəti nizama salmaq üçün Kremlin yüksək rütbəli nümayəndələri ilə məxfi danışıqlar aparır. Həll yollarından biri kimi, Moskvaya Rusiyanın ilhaq etdiyi ərazilərdə təkrar referendumların keçirilməsi təklif edilib. Bunu "The Moscow Times”a müzakirələrdə birbaşa iştirak edən keçmiş amerikalı məmur deyib. O bildirib ki, bu danışıqlar üçün hər üç aydan bir Moskvaya səfər edir. Onun sözlərinə görə, ABŞ-da "bir yarım trek” adlandırılan danışıqlar ən azı ayda iki dəfə, bəzən onlayn formatda keçirilir. Danışıqların mövzuları Qərb ölkələrinin rəsmi sərt mövqeyindən çox-çox kənara çıxır. ABŞ Kremlə Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində sakinlərinin əsl istəklərini - Rusiya Federasiyasının tərkibində yaşamaq istəyib-istəmədiklərini öyrənmək üçün yenidən səsvermə keçirməyi təklif edib.
Qaynarinfo-ya açıqlama verən politoloq Cümşüd Nuriyevin fikrincə, ABŞ-ın gizli danışıqlarda Rusiyaya Ukraynanın 4 vilayətində yenidən referendum keçirmək təklifi Çinin artan gücü və ondan gələn təhlükələri neytrallaşdrmaq məqsədindən irəli gəlir:
"ABŞ-la Rusiya arasında gizli danışıqlar mümkündür və belə danışıqlar aparılır. Çünki həm Vaşinqton, həm də Moskva dünyanın yenidən bölüşdürülməsində Çinin də iştirakından narahatdır. Bu da Çinin son illər sürətlə inkişaf edərək, hər ikisini qabaqlaması ilə bağlıdır. Dünyanın yeni düzənində Çinə yer verməməkdən ötrü ara-sıra pərdəarxası danışıqlar aparırlar. Ukrayna məsələsində Donbas, Luqansk, Zaporejye və Xersonda yenidən səsvermə keçirilməsinin təklif edilməsi əslində ABŞ-ın geri çəkilməsi deməkdir. ABŞ bilir ki, həmin 4 vilayətdə referendum keçirilsə, yenidən bu və ya digər formada hər şeyi Rusiya həlle dəcək. Stalinin dediyi kimi, əsas referendumun keçirilməsi deyil, səsləri kimlərin saymasıdır. Ukraynanın həmin vilayətlərində isə səsləri sayan rus hərbçiləri olacaq. Bu isə təhlükəli presedentdir, onun ardı da gələ bilər. Rusiyaya qonşu ölkələrdəki etniklər də bu fonda separatist fəaliyyətə başlaya bilərlər. ABŞ isə Çinə görə Rusiya ilə bu sayaq gizli razılaşmalara getməyə məcburdur. Çin artıq iqtisadi cəhətdən ABŞ-ı keçməkdədir. Beynəlxalq Valyuta Fondunun hesablamaları gösətrir ki, Çinin ümumi daxili məhsulu dəyər baxımından və ümumi inkişaf tempinə görə faiz etibarı ilə ABŞ-ı üstələyir. Çinin iqtisadi resurslarının güclənməsi onun həm də siyasi cəhətdən güclənməsi demək olacaq. Belə olan halda Pekin çalışacaq ki, ABŞ və Rusiya arasında öz marağına uyğun hərəkət etsin. Bu isə ABŞ və Rusiyaya sərf etmir. Ona görə də "düşmənimin düşməni, dostumdur” statusu ilə hərəkət edərək, Moskva ilə Vaşinqton gizli danışıqlara gedirlər”.
Rüfət Sultan