Bazar ertəsi səhər Rusiyanın paytaxtı pilotsuz uçuş aparatları ilə hücuma məruz qalıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin öz "Telegram" kanalında məlumat
yayıb.
"Bu gün səhər saat 4 radələrində iki qeyri-yaşayış binasına pilotsuz uçan aparatların zərbələri qeydə alınıb. Ciddi dağıntı və tələfat yoxdur”, deyə Sobyanin yazıb.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, Ukrayna iki pilotsuz uçuş aparatının köməyi ilə "Moskva ərazisindəki obyektlərə” zərbə endirməyə cəhd edib.
"İki Ukrayna PUA-sı radioelektron mübarizə vasitəsi ilə məhv edilib və qəzaya uğrayıb", deyə Müdafiə Nazirliyi iddia edir.
"Telegram" kanallarında Moskvada hündürmərtəbəli binalardan qalxan tüstünün, eləcə də şəhərin üzərində yüksək səslə uçan təyyarənin əks olunduğu videolar da yayımlanır.
Bildirilir ki, pilotsuz uçuş aparatlarından biri Komsomolski prospekti, 17 ərazisinə düşüb. Bu yerdən bir qədər aralıda Rusiya Müdafiə Nazirliyi yerləşir.
Qərb ekspertləri Moskvaya PUA hücumunun ilk qiymətləndirmələrini dərc edirlər. Mütəxəssislərin fikrincə, pilotsuz uçuş aparatlarından biri Rusiya Federasiyası Müdafiə Nazirliyinin kompleksinin yaxınlığında düşüb və ola bilsin ki, onun binalarından birinə cüzi ziyan dəyib.
ABŞ-da yerləşən Xarici Siyasət Tədqiqatları İnstitutunun baş elmi işçisi Rob Li "Twitter" hesabında yazıb ki, Rusiya hakimiyyətinin məlumatına görə, pilotsuz uçuş aparatının qalıqları Komsomolski prospekti 17 ünvanında tapılıb və bu da "Rusiya Müdafiə Nazirliyinin Milli Müdafiə Nəzarəti Mərkəzindən 200 metrdən az məsafədə yerləşir”.
Eyni zamanda, tanınmış araşdırmaçı jurnalist Xristo Qrozev qeyd edir ki, Komsomolski prospektindəki ünvan birbaşa QRU kiberqoşunlarının mərkəzi ofisi ilə üzbəüz yerləşir, burada digər bölmələr arasında "FancyBe” hakerlər qrupunun yerləşdiyi yerdir.
Qrozevin sözlərinə görə, orada Müdafiə Nazirliyinin Hərbi Universiteti və bir neçə çox məxfi QRU obyektləri, o cümlədən onların qeyri-leqal agentlər proqramının idarə edilməsi yerləşir. "Ukrayna bu binalar kompleksini vura bilsəydi, Müdafiə Nazirliyi və QRU üçün simvolik ziyan çox böyük olardı", deyə Qrozev bildirir.
Onun sözlərinə görə, fotoşəkillərə əsasən, QRU/Müdafiə Nazirliyi kompleksinə ən azı minimal ziyan dəyib, çünki pəncərələrin sındığı görünür.
Ukrayna adətən Rusiya ərazisinə hücumlarda iştirakını inkar edir, lakin onun rəsmiləri belə hallarda tez-tez baş verənləri "maraqla izlədiklərini” bildirirlər.
Nizami Bağırov