Xəbər lenti

Müasir "qatillər": müharibə düşündüyümüzdən daha yaxındır? (FOTOLAR)
Dünya11:52 27.08.2017

Müasir "qatillər": müharibə düşündüyümüzdən daha yaxındır? (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünyanın ən qabaqcıl 100 robot mütəxəssisi Birləşmiş Millətlər Təşkilatına (BMT) məktubla müraciət edərək öldürmə qabiliyyəti olan robotların inkişaf etdirilməsini və onlardan istifadə olunmasının qadağan edilməsini tələb edərək, bu robotların dünya ölkələri üçün yeni bir silahlanma yarışına çevrilə biləcəyi barəsində xəbərdarlıq ediblər.

Bu qorxu nə dərəcədə realdır?

Tamamilə insansız tanklardan ibarət olan hərbi birlik, kütlə içərisində iğtişaş yaradan şəxsin kimliyini müəyyən edən insansız hava robotları, bizim kimi öyrənə bilən, kompüter proqramları ilə yaradılmış "beyinlər" tərəfindən nəzarət edilən silahlar...

Bütün bunlar silah sənayesində istifadə edilən "ağıllı texnologiya" məhsullarıdır. Bir çoxları üçün bu inkişaf döyüş sahəsində yeni bir inqilabın yaranmasıdır.

"Hava, dəniz və quru qoşunları sahəsində dünyanın ən güclü orduları artıq idarəçiliyə ehtiyac olmadan savaşa bilən silahlarını dünya miqyasında nümayiş etdirirlər", - deyə Avstraliyanın "New South Wales" (Yeni Cənubi Uels) Universitetinin süni intellekt professoru Dr. Tobi Valş bildirib.

Öldürmə qabiliyyətli silahlar sırasına hər gün yeniləri əlavə olunur. Yaxın zamanlarda ixtira olunan bu tip silahlardan biri də "Kalaşnikov" şirkətinə məxsus olan hücum robotudur.

Bu, 7.62 mm pulemyotdan, kompüter sistemi ilə əlaqələndirilmiş kameradan ibarət olan və istehsalçılarının söylədiyinə görə insan nəzarəti olmadan öz hədəflərini tapıb məhv etmə bacarığına malik ən müasir texnikalardandır.

Rusiyanın TASS informasiya agentliyinin məlumatına görə, hədəfləri müəyyənləşdirib, sərbəst şəkildə məhv etməsi üçün bu silah sinir şəbəkəsi texnologiyalarından istifadə edilərək hazırlanıb.

Müəyyən ehtimallar daxilində çalışan və əvvəlcədən proqramlaşdırılmış vəzifələri yerinə yetirə bilən ənənəvi kompüterlərin əksinə, sinir şəbəkəsi əvvəlki təcrübələrdən də qaynaqlanaraq, qarşılaşmadığı vəziyyətlərə belə adaptasiya ola biləcək şəkildə dizayn edilir.

İnsanları qorxudan əsas amil isə bu robotların müstəqil şəkildə qərar qəbul etmə bacarıqlarıdır.

"Əgər silahlar süni sinir şəbəkələri və yüksək səviyyəli süni zəkaya sahibdirlərsə, o zaman hücum qərarını nəyə əsasən aldıqlarını öyrənməyə də bilərik. Bu olduqca təhlükəlidir", - deyə müdafiə sənayesi sahəsində ixtisaslaşan "Ultra Electronics" şirkətinin baş texnologiya mütəxəssisi Andryu Nanson bildirib.

Avtomatik müdafiə sistemləri müəyyən bir təhlükə ilə qarşılaşanda, onun ölçüsü, sürəti və marşrutu kimi xüsusiyyətlərini təhlil edərək, müstəqil şəkildə qərar qəbul edə bilir və insanlardan daha sürətli şəkildə qarşılıq vermə bacarığına sahibdir.

Tutaq ki, bu cür sistemlər daha əvvəl qarşılaşmadıqları bir təhdidlə qarşılaşırlar və yenə də onlara qərar vermə səlahiyyəti tanınır. Bəs o zaman nə baş verər?

Belə bir vəziyyətdə edilən səhvlər günahsız insanların həyatını itirməsinə, qeyri-hərbi obyektlərin vurulmasına və həmçinin bilmədən öz bölmələrinin məhv edilməsi kimi fəsadlara gətirib çıxara bilər.

Mütəxəssislər əslində süni zəkanın çox ağıllı olub, "Terminator" filmlərindəki "Skynet" super kompüter sistemi kimi dünyanı ələ keçirəcəyindən deyil, çox axmaq olmasından qorxurlar.

"Problem super ağıllı robotlarda deyil, problem sivil hədəflərlə hərbi hədəfləri bir-birindən ayıra bilməyən axmaq robotlardadır", - deyə Şeffild Universitetinin süni zəka və robot texnologiyası professoru Milad Şarkey qeyd edib.

Bütün bunlara baxmayaraq "Kalaşnikov"un son məhsulları Rusiyada sınanan yeganə avtonom və yarı-avtonom silahlar deyil.

Bu tip silahlardan biri də "Uran-9"dur. Bu, quru qoşunlarında istifadə olunan insansız texnologiyalardandır. Qurğu çapı 30 mm olan minaatandır. Bu, 10 kilometr uzaqlıqdan belə idarə edilə bilir.

Platforma-M döyüş robotları həddindən artıq istilik və soyuğa davamlıdır.

"Armata T-14" "super tankı"nı ixtira edən Andrey Terlikov bu tankın hərb sahəsində tam avtonom tankların yolunu açacağını söyləyib.

"Avropa sərhəddində çoxlu sayda "T-14" tanklarının olduğunu potensial təhlükə adlandıran professor Şarkey bu silahları istehsal edənlərin təkcə ruslar olmadığını bildirib.

Ötən il ABŞ Müdafiə Nazirliyi Tərkibində Araşdırma Layihələri Təşkilatı (DARPA) müşahidə etmə məqsədi ilə istifadə olunan adi bir insansız hava vasitəsinə inkişaf etmiş süni zəka yüklədikdən sonra Massaçuetsdə təcrübə həyata keçirib. Belə ki, Orta Şərqdə olan kəndlərdən birinin tamamilə eynisini ştatda yaradan təşkilat yeni cihazı həmin kəndin üzərində uçurub. Sözügedən cihaz vətəndaşlar arasında silahlı militanları tapmağı bacarıb.

"Samsung"un avtomatik atəş etmə sisteminə sahib olan "SGR-A1" adlı silahı Koreyanın sərbəst bölgəsinin Cənubi Koreya sərhəddinə yerləşdirilib.

Böyük Britaniya da nəhəng hava nəqliyyatı texnologiyasını təkmilləşdirir. "BAE Systems" tərəfindən hazırlanan "Taranis" adlı pilotsuz uçuş vasitəsinin gələcəkdə çoxlu sayda silahı uzun məsafələrə apara biləcəyi söylənilir.

ABŞ-ın "Sea Hunter" savaş gəmisi də heç bir heyət olmadan tamamilə avtomatik qaydada idarə edilir. Hətta nəhəng gəmi özü sərbəst şəkildə limana daxil olub-çıxa bilir.

Bəziləri müharibə zamanı robotlardan istifadənin savaşda daha az insanın ölümünə səbəb ola biləcəyini düşünsələr də "Royal United Services İnstitutu"nun Müdafiə və Təhlükəsizlik üzrə tədqiqatçısı Elizabez Quintana bu fikirdə deyil.

"Müharibə insani olmayan bir prosesdir və əgər bir ölkəyə və ya təşkilata qarşı müharibə başlatsanız, sizə öz ölkənizdə zərər verməyin bir yolunu mütləq tapacaqlar, çünki əvəz sadəcə bu şəkildə çıxıla bilər", - deyə o, bildirib.

Bəlkə də son zamanlar artmaqda olan terror və ya kiberhücumların ən başlıca səbəblərindən biri süni intellektə sahib silah və texnologiyaların inkişaf etdirilməsidir...

BBC-dən tərcümə

Çingiz Səfərli

Qaynarinfo.Az