
Əslən Masallıdan olan iş adamı, "Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov Azərbaycan iqtisadiyyatına yatırım qoysa da, doğulduğu Masallı rayonu bundan həmişə kənarda qalıb.
2011-ci ildə Mənsimovun Masallıdakı Anatoli Banişevski adına stadionu aldığı, orada futbol akademiyası açmağa hazırlaşması ilə bağlı məlumat verilmişdi. Amma üstündən iki il keçməsinə baxmayaraq stadionda təmir-tikinti işlərinə başlanılmırdı.
Sport7.Az xəbər verir ki, yalnız ötən ilin yayında stadionda müəyyən işlərin görülməsinə başlanıldı.
Həmin vaxt mətbuatda yayılan məlumatda bildirilirdi ki, Mübariz Mənsimovun doğma rayonuna qayıdışı təkcə stadion tikintisi ilə məhdudlaşmayacaq. Mübariz Mənsimov prezidentin fəaliyyətinə dəstək vermək üçün Masallıya yatırım qoymağa qərar verib. Bildirilirdi ki, Mənsimov doğulub boya-başa çatdığı rayona külli miqdarda investisiya yatıracaq. Müasir standartlara cavab verən 8-10 min yerlik stadionla yanaşı Masallıda futbol akademiyası da fəaliyyət göstərəcək. Bunun üçün stadionun ətrafında yardımçı binalar, otellər tikiləcək, müvafiq infrastruktur yaradılacaq.
Stadionun ətrafında olan 2-3 mərtəbəli, qəzalı vəziyyətdə olan yaşayış binaları söküləcək. Qeyd olunurdu ki, Mənsimov Masallının gözəgəlimli yerində müasir yaşayış kompleksi də salacaq. Qəzalı vəziyyətdə olan binaların sakinləri həmin yaşayış kompleksinə köçürüləcək.
Bundan əlavə, Mübariz Mənsimovun həvəskarlar liqasında çıxış edən "Viləş”ə də himayədarlıq edəcəyi qeyd olunurdu. O da qeyd olunurdu ki, Mübariz Mənsimov işin gedişi ilə yerindəcə tanış olmaq üçün yaxın vaxtlarda Masallıya gələcək və tikinti ərazilərinə baxış keçirəcək.
Həmin vaxt bu məlumatı "Xəzər Lənkəran” rəhbərliyi də təsdiqləmişdi.
Ancaq üstündən 1 il keçməsinə baxmayaraq, Masallıda daş daş üstünə qoyulmayıb. Yalnız satdion hasara alınıb və sökülüb.
Stadion hasara alınana qədər orda azyaşlı uşaqlar futbolun sirlərini öyrənir, həvəskarlar liqasında çıxış edən "Viləş” oyunlarını keçirirdi.
"Viləş” artıq fəaliyyətini dayandırıb, stadionun bərbad hala salınmasından sonra isə uşaqlar da məşq etməkdən məhrum olublar.
İndi Masallıda kimsə Mübariz Mənsimovun burda nəsə görəcəyinə inanmır. Masallılılar əmindirlər ki, məşhur həmyerliləri onları aldadır. Rayon sakinləri deyir ki, həvəskarlar liqasında çıxış edən "Viləş”ə ayda 5-10 min manat ayırmaq istəməyən Mənsimov çətin ki, Masallıya küllü miqdarda investisiya yatırsın.
Vətəndaşlar kinayə ilə "Mənsimovun balasını istəmirik, balamıza dəyməsin” deyirlər. Onlar bununla stadionun durumuna işarə edirlər. Deyirlər ki, heç olmasa əvvəllər uşaqlarımız bu stadionda məşq edə bilirdilər, indi bundan da məhrum olublar. Vətəndaşlar deyir ki, Mənsimovun layihələrini istəmirik, heç olmasa stadionu camaata qaytarsın ki, əhali müəyyən şərait yaradıb, arenadan yararlana bilsin.
"Layihələr İstanbula göndərilib"
"Xəzər Lənkəran"ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Hüseyn Cəbrayıloğlu yazıda səslənən fikirlərlə bağlı "Sport7.Az"-a açıqlama verib.
"Masallıdakı stadionla bağlı bir sıra işlər görülüb. Ən əsası isə stadionun və digər lazım olan obyektlərin lahiyəsi hazırlanıb. Bunlar Masallı ilə bağlı müxtəlif lahiyələrdir. Bu lahiyələrin hamısı İstanbula - "Palmali"nin baş ofisinə göndərilib".
Hüseyn Cəbrayıloğlunun fikrincə bu yaxınlarda bu lahiyələrlə bağlı yenilik gözlənilir.
"Yaxın vaxtlarda lahiyələrdən biri təsdiq olunacaq. Bundan sonra da inşaat işlərinə start verəcəyik".
Qaynar.info




