
Moldovada xaricə xəlvəti silah satışı ilə bağlı daha bir qalmaqal başlayıb.
Qaynarinfo.az virtulaaz.org-a istinadən bildirir ki, bu ölkə müxalifəti hərbi hissələrdən üç zenit qurğusunun və digər texnikanın gecə saatlarında xəlvəti daşınaraq Kişinyov beynəlxalq aeroportuna aparılmasını, oradan təyyarə ilə harasa yola salınmasını əks etdirən videokadrları yayıb. Kadrlar bu il aprelin 14-15-də çəkilib.
Müxalif Sosialistlər partiyasından deputatların yaydıqları videokadrlara əsasən texnika bir neçə hərbi hissədən çıxarılıb və üzəri tentlə örtülü maşınlar gecə saatlarında Markuleştı aeroportuna istiqamət alıb. Deputat Qriqori Novak bildirib ki, üç zenit qurğusuna görə cəmi 660 min dollar ödənilib. Hansı ki, bu texnikanın real dəyəri qat-qat yüksəkdir. Silahların müdafiə naziri Anatola Şalaru tərəfindən satıldığı bildirilir.
Bir neçə il əvvəl Moldovanın müdafiə naziri Vitali Marunitsa tərəfindən bu ölkə silahlı qüvvələrinin anbarlarından müxtəlif hərbi texnika və silahların Latviyada qeydiyyatdan keçmiş şirkət üzərindən gizlicə Ermənistana satılması faktı üzə çıxmışdı və Bakı buna sərt reaksiya vermişdi. Azərbaycan tərəfinin etirazlarından sonra Moldova Ermənistana silah satışına son qoyub və həmin vaxt bu gizli sövdələşməyə görə bir neçə vəzifəli həbs edilib.

İndi sosialistlər deyirlər ki, gizlicə daşınan silahların üzərində seriya nömrələri var və onlar hansısa münaqişə zonasına düşsə, Moldovadan alındığı üzə çıxacaq. Sosialistlərin bildirdiyinə görə, müdafiə naziri 100-dən çox raketi də satmağa hazırlaşır və hər raketə görə 3500 dollar alacaq.
Sosialistlər partiyasının lideri, parlamentin müdafiə və milli təhlükəsizlik komissiyasının sədr müavini Gennadi Mitryuk deyir ki, illərdir Müdafiə Nazirliyini əllərində saxlayan liberalları məqsədi ordunu dağıtmaqdır. "Liberal Anatola Şalarunun rəhbərliyi ilə izahedilməz proseslər gedir. O, peşəkarları ordudan kənarlaşdıraraq öz çirkin əməllərini həyata keçirir", - deputat deyib.
Gizli silah satışı qalmaqalı ilə bağlı deputatlar müdafiə nazirinin parlamentə gəlib suallara cavab verməsini tələb edirlər. Habelə onlar bununla kifayətlənməyib Baş Prokurorluğa müraciət etməyə hazırlaşırlar.
Qaynarinfo.az