Dünya ölkələrinin müdafiə sənayesinə xərclədiyi pul 2018-ci ildə Soyuq Müharibə dövründən bu günə qədər ən yüksək həddə çatacaq.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, müdafiə xərclərinin 1,67 trilyon dollara çatması gözlənilir. Bundan əvvəl xərclər 2010-cu ildə 1,63 trilyon dollarla rekord qırmışdı. Bu dəyişikliyin səbəbi ABŞ-ın hərbi xərclərini artırması olacaq. Hazırda bu ölkə dünya üzrə müdafiə sənayesi xərclərinin 42%-ni təşkil edir. 2001-ci il sentyabr hücumundan sonra ABŞ müdafiəyə 10 trilyon dollar xərcləyib. Bu il isə bu rəqəm 642,9 milyard dollar olub.
"IHS Markit" şirkətindən tədqiqatçı Qay İstmən bildirir ki, ABŞ-ın büdcəsində təxmin ediləndən böyük artım baş verib. İqtisadiyyatın inkişafı, həmçinin bir çox ölkələrdəki siyasi qeyri-sabitlik və qarşıdurmalar hərbi xərclərin artımına gətirib çıxaran əsas səbəblərdir.
ABŞ-dan başqa ən çox pul xərcləyən digər ölkələr Çin və Hindistandır. Rusiyanın bu il xərcləri 47 milyard dollara düşüb və 6-cı sırada qərarlaşıb. İngiltərənin hərbi xərcləri 51,2 milyard, Səudiyyə Ərəbistanının xərcləri 50,9 milyard dollar, Türkiyənin xərcləri isə 12,1 milyard dollar olub.
2018-ci ildə NATO üzvü olan digər ölkələrin ümumdaxili məhsulun azı 2%-ni müdafiə sənayesinə xərcləməsi gözlənilir.
Gülşən