Xəbər lenti

Müəllimlər seminariyasının qədim binası dağılır - FOTOLAR
Ölkə20:51 29.10.2014

Müəllimlər seminariyasının qədim binası dağılır - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qazax müəllimlər seminariyasının keçmiş binası dağılmaq üzrədir. Saysız-hesabsız ziyalılar yetirən bu tarixi binaya indi sahib çıxan yoxdur. Bina hal-hazırda üç istiqamətdə fəaliyyət göstərir - orta məktəb, Qızıl Aypara Cəmiyyətinin Qazax rayon şöbəsi və Qazax rayon Uşaq Gənclər İdman Mərkəzi kimi... 
Qaynar.info Azadlıq Radiosuna istinadən xəbər verir ki, hazırda İslam Nəsibov adına Aşağı Əskipara kənd orta məktəbinin yerləşdiyi otaqlarda istilik sistemi olmadığından şagirdlər soyuq havanı bəhanə edib dərslərdən yayınırlar. Bundan başqa otaqlarda divarlar uçub tökülür. Ötən əsrin ilk illərində istifadəyə verilən bina demək olar ki, artıq yararsız hala düşməkdədir.
Tarix müəllimi Bəxtiyar Həsənov da deyir ki, məsul şəxslər bu vəziyyətlə ciddi maraqlanmalıdır: "Qori seminariyası açılmamışdan əvvəl Azərbaycanda insanlar əsasən təhsil almaq üçün Yaxın Şərqə üz tutardılar - Məşhədə, Nəcəfə. Lakin az bir müddətdə Qoridə təhsil alan insanlarımız Azərbaycanın yenidən qurulmasında çox böyük pay sahibi oldular. Onlardan Üzeyir Hacıbəyovu, Mirzə Cəlili, Haqverdiyevi göstərə bilərik. Müasir dövlətçilik ənənələrini bizə Qori seminariyasının məzunları aşılayıbdır. Sonradan bu seminariya Firudin bəy Köçərlinin sayəsində Qazaxda bərqərar oldu. Yəqin ki, hər kəs bilər. Azərbaycanda sovet hakimiyyətinin ilk illərində elə bir rayonu yox idi ki, orda Qazax müəllimlər seminariyasının məzunları işləməsinlər.
Bu bina axrıncı dəfə nə vaxt təmir olunub - bilmirik. Bina hal-hazırda qəzalı vəziyyətdədir. Kimlər bu işə məsuldursa, onları öz işinə məsuliyyətli olmağa çağırıram".
Tarixi mənbələrə görə, 1918-ci ildə Firudin bəy Köçərli Qori seminariyasının Azərbaycan şöbəsini Bakıya köçürəndə böyük çətinliklərlə qarşılaşır. Bakıda qarışıqlıq olduğundan qatar Ağstafa stansiyasında dayanmalı olur. Bir neçə gün keçir. Qərara alınır ki, Bakıda vəziyyət sabitləşənədək seminariya Qazaxda fəaliyyət göstərsin. Amma harada?
F.Köçərlinin xanımı Badisəba xanım Vəkilova Qazaxa gəlir, el-obasına baş çəkir və vəziyyəti danışır. Problemdən xəbər tutan Kosalar kəndinin sakini Məşədi İbrahim qərara alır ki, qırmızı kərpicdən tikilmiş öz ikimərtəbəli mülkünü təmənnasız olaraq seminariya versin. Bu mülk 1910-cu ildə inşa edilib.
Beləcə, Qazax müəllimlər seminariyası bu binada yerləşir və fəaliyyətə başlayır. Seminariyada 1959-cu ilədək 3000-ə qədər kadr yetişdirilir. Həmin il seminariya faliyyətini dayandırır.
Seminariyanın binasında məşhur "Dəli Kür" (1969) filminin bəzi səhnələri çəkilib. İndi seminariya binasında 4 nömrəli orta ümumtəhsil məktəbi fəaliyyət göstərir.
“Azadlıq” radiosu bu binanın təmir edilib-edilməyəcəyini öyrənmək üçün Qazax Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Qazax rayon icra başçısının müavini Tahir Musayev deyib ki, seminariyanın təmiri bizdən asılı olan məsələ deyil: "Bina tarixi abidə kimi qorunur və birbaşa Mədəniyyət Nazirliyinə tabedir. Onlar bizə təmir barədə müraciət etsələr və tapşırıq gəlsə, edərik. Belə isə biz heç nə edə bilmərik".
Qaynar.info