"Bəzi muğamlarımızın adının dəyişməsini istəyirəm”.
Bunu Qaynarinfo-ya açıqlamasında Muğam irsimizin tədqiqatşısı, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımov deyib. Şair Azərbaycan muğamlarının adının fars dilində olmasının əleyhinə olduğunu vurğulayıb:
"Məsələn, Qacar bayatısı, İsfahan bayatısı, Türk bayatısı, Kürd bayatısı, Şiraz bayatısı və s. Bu, zarafat deyil, həqiqətən də ciddi deyirəm. Niyə axı muğamların adı farsca olmalıdır? Bununla bağlı geniş müzakirə olsa, yaxşı olar, amma muğam ifaçıları bunu 99 faiz etirazla qarşılayacaq. Elə-belə olsa yaxşıdır, qoy fikirlərini desinlər, mən fikrimi yazdım. Muğam dövrün mədəni-siyasi konyunkturasına uyğun olaraq farsca adlandırılıb, onları farslar yox, bizimkilər yaradıb. Məsələn, "Şikəsteyi-fars”, yəni "Fars şikəstəsi”, necə ki, "Qarabağ şikəstəsi”. Yaxşı ki, onu "Şikəsteyi-Qarabağ" adlandırmayıblar".
Əməkdar müəllim Qəzənfər Abbasov Qaynarinfo-ya açıqlamasında Azərbaycan muğamlarının adlarının dəyişilməsinin əleyhinə olduğunu deyib:
"Biz terminologiyanı dəyişə bilmərik. Bu günə kimi bir çox adamlar muğamlarımızın adını dəyişməyə cəhd edib. Hətta Təbrizdə də buna çalışdılar. Əgər bu adlar min illərlə bizə gəlib belə çatıbsa, indi onu necə dəyişmək olar? Dilimiz, ədəbiyyatımız bizə bunları belə təqdim edib. Belə də davam etməlidir. Kim olur-olsun, kim nə deyir-desin mən muğamlarımızın adlarının dəyişilməsinin əlehinəyəm. Yaşlı adamdır, deyib də. Onda gərək "Şüştər”in adını "Qəzənfər” qoysunlar. Çünki onu məndən güclü oxuyan olmayıb. Mənim adıma hər yerdə "Şüştər Qəzənfər” deyirlər. Rəhmətlik Sabir Mirzəyevin adını da "Çahargah Sabir”, "Mənsuriyyə”nin adını isə Yaqub Məmmədov qoysunlar".
Xanəndə Sabir Abullayevin sözlərinə görə, əsas muğamların adları deyil, özünün düzgün ifasıdır:
"Bu məsələ çoxdan qaldırılıb. Bəzi adamlar bu məsələni qaldırıb. Hərə bir söz deyir, amma mən dedim ki, muğamların adını deyil, oxuyanları dəyişmək lazımdır. Çünki muğamlar düzgün, Azərbaycana məxsus şəkildə ifa olunmalıdır. Nə fərqi var, Həsən keçəl, keçəl Həsən, bunlar boş söhbətlərdir. Məqsədimiz muğamları olduğu kimi oxuyub gələcək nəsillərə təqdim etməkdir. Məni narahat edən budur. Düzdür, bütün tələbələrimə düzgün ifa öyrədirəm. Sonra necə olacaq, bunu zaman deyəcək. Oxumaq lazımdır, eşələnmək yox. İndi atlar ölüb itlərin bayramıdır”.
Bahar Rüstəmli