Xəbər lenti

Müharibə dəhşətləri ilə üzləşən Ukrayna idmanı - 89 ölü, 13 əsir
Dünya08:57 05.07.2022

Müharibə dəhşətləri ilə üzləşən Ukrayna idmanı - 89 ölü, 13 əsir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xarkovda gənc futbolçular Rusiya raket zərbəsi nəticəsində öldürülən məşqçilərinin ölümünə yas tuturlar.
Bu barədə Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir.
Bu müharibənin Ukrayna cəmiyyətinin bütün sahələrinə, o cümlədən idmana ağır zərbə vurduğunun göstəricisidir.
İyunun 27-də Ukraynanın ikinci ən böyük şəhərinin yaşayış massivinə mərmi düşməsi nəticəsində futbol məşqçisi Andriy Doroşev həyatını itirib.
 Doroşevin şərəfinə keçirilən turnirdə iştirak edən futbolçu Danil Kaskov deyir ki, onun üçün çox ağırdır, sanki atasını itirib. "Ümid edirəm ki, o, bizi yuxarıdan izləyir və biz onu qürurlandıra bilirik. Bu turnir ona həsr olunub, bütün kuboklar onun xatirəsinədir. Hər şey onun üçündür", - o, Reuters agentliyinə deyib.
Gimnastika, boks, futbol və digər idman növlərində əldə etdiyi nailiyyətlərlə uzun müddət fəxr edən Ukrayna artıq beşinci aydır ki, müharibənin idman infrastrukturuna və idmançılara ölümcül təsirləri ilə üz-üzədir.
"100 mindən çox ukraynalı idmançı məşq etmək imkanından məhrum edilib, yüzlərlə idman obyekti dağıdılıb", - prezident Volodimir Zelenski bazar günü Kiyevdə Beynəlxalq Olimpiya Komitəsinin rəhbərini danışıqlara dəvət edərkən deyib.
"Bir çox ukraynalı idmançılar ölkəmizi qorumaq, onu döyüş meydanında müdafiə etmək üçün silahlı qüvvələrə qoşulub. Döyüşlərdə 89 idmançı və məşqçi həlak olub, 13-ü əsir düşüb və hazırda ruslar tərəfindən əsirlikdə saxlanılır",- Zelenski deyib.
Kiyevin meri, ağır çəkidə boks üzrə çoxsaylı dünya çempionatlarının qalibi Vitali Kliçko Ukraynanın işğala qarşı müqavimətinin təşkilində Zelenski ilə yanaşı vacib rol oynayıb. Onun kiçik qardaşı, digər ağır çəkidə boks üzrə dünya çempionu Vladimir, fevralın 24-də Rusiyanın işğalı başlayandan az sonra Ukraynanın ehtiyat ordusuna yazılıb.
Rusiyanın aramsız raket zərbələri hər gün Ukrayna şəhərlərində idman zalları və futbol meydançalarını sıradan çıxarır. 
Bazar günü Kiyevə səfəri zamanı Beynəlxalq Olimpiya Komitəsinin üzvü Tomas Bax təşkilatın Ukraynanın idman obyektlərinin yenidən qurulmasına kömək etməyə hazır olduğunu bildirib. O, fevral ayında bu məqsədlə yaradılmış fondun həcmini üç dəfə artıraraq 7,5 milyon dollara çatdırdığını elan edib.
T. Bax həmçinin 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında və 2026-cı ildə İtaliyada keçirilməsi gözlənilən Qış Olimpiya Oyunlarında iştirak etməyi planlaşdıran Ukrayna komandalarına dəstək vəd edib.
Nurlan Hüseynov