Ukraynadakı müharibə Rusiya Silahlı qüvvələrinin xüsusi təyinatlılarına xeyli ziyan vurub.
Qaynarinfo xəbər verir ki, bu barədə The Washington Post (WP) ABŞ kəşfiyyatının Discord platformasında "sızdırılmış” sənədlərinə istinadən məlumat
yayıb.
Müharibənin əvvəlində Rusiya komandanlığı xüsusi təyinatlıları cəbhə xəttinə göndərdi, nəticədə bu bölmələr ciddi itkilər verdi. Sənədlərdə qeyd olunur ki, quru əməliyyatlarını planlaşdıran şəxslər adi piyadaların döyüş keyfiyyətlərinə inamsızlıq göstəriblər.
Bir qayda olaraq, xüsusi təyinatlılar yüksək əhəmiyyət kəsb edən gizli yüksək riskli əməliyyatları həyata keçirmək üçün istifadə olunur. Ukraynadakı müharibənin ilkin mərhələsində kampaniyada iştirak edən Rusiya ordusunun xüsusi təyinatlılarının beş briqadasından dördü şəxsi heyət, silah və hərbi texnika baxımından böyük itkilərə məruz qaldığından, onların döyüş effektivliyi sonradan kəskin şəkildə azaldı. "Sızan” hesabatların mətnində xüsusi təyinatlı əsgərin yetişdirilməsinin ən azı dörd il tələb olunduğu vurğulanır.
Sənədlərdə 22-ci əlahiddə xüsusi təyinatlı briqadanın (QRU-ya tabe) yerləşdiyi yerin peyk fotoşəkilləri var. Müharibə başlamazdan əvvəl 2021-ci ilin noyabrında çəkilmiş ilk şəkil böyük miqdarda texnikanı göstərir. Briqadanın döyüş bölgəsindən qayıtdıqdan sonra 2022-ci ilin noyabrına aid aşağıdakı fotoşəkil silah və hərbi texnikanın hədsiz dərəcədə utilizasiyasını nümayiş etdirir. Məsələn, "Tiqr” zirehli texnikasının yarısından azı bazaya qayıdıb.
ABŞ kəşfiyyatının hesablamalarına görə, Rusiya xüsusi təyinatlılarının 22-ci və digər iki briqada döyüş qabiliyyətinin 90%-dən 95%-ə qədərini itirib.
Sənədlərdə konkret itkilər göstərilmir, lakin 346-cı əlahiddə xüsusi təyinatlı briqada ilə bağlı Rusiya hərbçilərinin danışıqlarının ələ keçirilməsindən bəhs edilir. Buradan aydın olur ki, briqadanın 900 hərbçisindən yalnız 125 sıradadır.
Amerikalılar Rusiyanın cənubuna daimi dislokasiyası yerinə qayıdan demək olar ki, hər bir xüsusi təyinatlı bölməni izləyə biliblər. Yalnız 25-ci əlahiddə xüsusi təyinatlı alayın taleyi naməlum olaraq qalır. Sənəddə deyildiyi kimi, bunun ehtimal olunan izahı ağır insan və texnika itkisidir.
WP-nin yaydığı məlumat BBC və Mediazona-nın açıq mənbələrə əsaslanan hesablamaları ilə uyğun gəlir. 2022-ci ilin sentyabr tarixli məqaləsində jurnalistlər 22-ci, 24-cü və 3-cü əlahiddə xüsusi təyinatlı briqadaların fəlakətli itkilər haqqında yazıblar. Ən son mövcud hesablamalara görə, 2022-ci il fevralın 24-dən 2023-cü il aprelin 6-na kimi 408 xüsusi təyinatlı əsgərin, o cümlədən 76 zabitin ölümü təsdiqlənib.
Xüsusi təyinatlıların itkiləri ilə bağlı xəbərlər rəsmi mediada da yer alıb. Məsələn, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin "Zvezda" nəşrində 2022-ci ilin oktyabrında bir məqalə dərc edilib ki, "xüsusi hərbi əməliyyat zamanı 2-ci, 10-cu və 22-ci xüsusi təyinatlı briqadalar Əfqanıstan müharibəsindən bəri görünməyən itkilər veriblər”.
Nizami Bağırov