"İşğalçı Rusiya qoşunları payıza qədər Ukraynada hücum əməliyyatları keçirməyə çalışacaq".
Qaynarinfo xəbər verir ki, bu sözləri Unian-a müsahibəsində hərbi tarixçi, ekspert Mixail Jiroxov deyib. Ekspertin sözlərinə görə, hərbi əməliyyatların aktiv mərhələsi may ayında başlayacaq:
"Hərbi nöqteyi-nəzərdən yay kampaniyası yalnız may ayında başlayacaq. Bu, ən azı payıza qədər davam edəcək. Rusların irəliləmə tempindən də görünür ki, hücum çox ləngdir".
Ekspert xatırladıb ki, Rusiya ordusuna hərbçilər deyil, siyasətçilər rəhbərlik edir:
"Rusiya ordusu siyasətçilər tərəfindən idarə olunur. Bu, sovetin mirasıdır. Rusiyanın müdafiə naziri Sergey Şoyqu hətta orduda xidmət etməyib".
Mixail Jiroxov bildirib kli, Rusiya Ukraynaya genişmiqyaslı hərbi müdaxiləyə başlamaqla öz ordusunun tam deqradasiyasını nümayiş etdirdi:
"Rusiya ordusunun deqradasiyasından hətta qərargah və generallar səviyyəsində də danışa bilərik, onlar inkişaf etməyib, lakin son illərin yerli müharibələrindən yanlış nəticələr çıxarıblar. Onların yeganə döyüş təcrübəsi Suriyadakı müharibədir. Və Ukrayna ilə müharibəyə məhz bu təcrübə ilə gəliblər".
"Rusiya tank hücumuna arxalanar müstəqil Ukrayna ərazisinə genişmiqyaslı hərbi müdaxiləyə başlamaqla səhv hesablama apardı. Ruslar nədənsə tankların hücumun əsasını təşkil etdiyinə inanırdılar, çünki onların çoxlu texnikası və piyadaları var idi. Yəni, düşünürdülər ki, İkinci Dünya Müharibəsinin standartlarına görə, onlar hücuma "şok yumruq”la - öndə tanklar, arxada isə piyadalarla gedəcəklər", deyə ekspert qeyd edib.
Onun fikrincə, Ukrayna Silahlı Qüvvələrinə işğalçının bütün planlarını pozmağa məhz tank əleyhinə silahlar kömək edib:
"2014-cü ildə Ukrayna ordusunda Qərbin tank əleyhinə silahları olmasaydı, Rusiya Federasiyası hələ də tanklardan səmərəli istifadə edə bilərdi. İndi məlum oldu ki, əgər ukraynalı piyadanın Qərb qumbaraatanları varsa, o, sakitcə həmin rus tankını atəşə tutur".
Aydın