Xəbər lenti

Dünya 14:55 25.05.2024

"Müharibənin ən gərgin mərhələsi irəlidədir" - Politoloq

"Bu sayaq açıqlama Rusiyanın tərəfinin mövqeyini öyrənmək üçün ortaya atılmış dezinformasiyadır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Rusiya prezidenti Vladimir Putinin Ukraynanın hazırda cəbhə xəttinin keçdiyi sərhədləri tanımağa razılıq verdiyi təqdirdə, onunla atəşkəs danışıqlarına hazır olduğu barədə "Reuters" agentliyinin Kremldəki mənbələrə istinadən verdiyi məlumatı şərh edərkən deyib.

Taleh Əliyevin sözlərinə görə, Putinin adından o dərəcədə fantastik fikirlər səslənir ki, informasiyanın daha çox dezinformasiya kimi qiymətləndirilməsi lazım gəlir:

"Putin bilir ki, Zelenskinin təklif etdiyi sülh modeli Ukraynanın bütün ərazilərinin işğaldan azad edilməsini nəzərdə tutur. Bu açıqlama düşünürəm ki, Rusiya dövlət başçısının mövqeyi ola bilməz. Əksinə, belə bir açıqlama Rusiya tərəfinin mövqeyini öyrənmək üçün ortalığa atılmış dezinformasiyadır. Moskva bəyan edir ki, onu Ukraynada müharibə etməyə vadar edən Qərbin yürütdüyü Ukrayna siyasəti olub". 
 


Ekspert qeyd edir ki, əslində Ukraynada Rusiya ilə kollektiv Qərb arasında hərbi əməliyyatların şahidi oluruq:

"Bu müharibə qlobal dəyişikliklərə hesablanmış Rusiya ilə Qərbin qarşıdurma məkanıdır. Müharibə yeni dünya düzəninin yaradılması üçün mövcud qüvvələr balansının dəyişdirilməsinə hesablanmış qlobal münaqişənin tərkib hissəsidir. Belə olan halda müharibənin yarımçıq bitməsi real görünmür. Kollektiv Qərblə Rusiya və müttəfiqlərinin qarşıdurması müharibənin yarımçıq dayandırılmasına imkan vermir". 

Həmsöhbətimizə görə, müharibənin ən gərgin mərhələsi hələ irəlidədir:

"Hərbi əməliyyatlar daha da genişlənəcək və Rusiya ərazisinə də sıçrayacaq. Bu isə öz növbəsində NATO ilə Rusiya arasında taktiki təyinatlı nüvə qarşıdurmasının yaşanmasına da gətirib çıxara bilər".

Qeyd edək ki, dörd yüksək rütbəli rusiyalı mənbəyə istinadən "Reuters" agentliyi Rusiya prezidenti Vladimir Putinin Ukrayna hazırda cəbhə xəttinin keçdiyi sərhədləri tanımağa razılıq verərsə, onunla atəşkəslə bağlı danışıqlara hazır olduğu məlumatını yayıb. Eyni zamanda, burada deyilir ki, Putin onun təklifinə cavab verilməyəcəyi təqdirdə hərbi əməliyyatları davam etdirməyə hazırdır. İki mənbənin bildirdiyinə görə, Vladimir Putin hesab edir ki, müharibə bölgəsindəki uğurlar Rusiya vətəndaşlarının onları qələbə kimi qəbul etmələri üçün indi kifayətdir. Agentliyin üç həmsöhbətinin sözlərinə görə, Rusiya prezidenti hesab edir ki, cəbhədə istənilən yeni nailiyyətlər hakimiyyətin qaçmağa çalışdığı növbəti səfərbərliyi tələb edəcək. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->