
Fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsi milyonlarla ukraynalının həyatını alt-üst edib.
Qaynarinfo xəbər verir ki, Türkiyənin "Hürriyət" qəzetinin əməkdaşı işğaldan əvvəl görüşdüyü ukraynalı gənclərlə yenidən əlaqə saxlayıb və müharibənin onların həyatlarını necə dəyişdiyini soruşub.
"İnanmaqda çətinlik çəkdim"
"Hürriyət"in əməkdaşı işğaldan bir neçə gün əvvəl Kiyev küçələrində söhbətləşdiyi qəhvə restoranlarından birinin əməkdaşı, 20 yaşlı Elviradan şəhərdəki son vəziyyət barədə soruşub. Yaşadıqlarını "Hürriyyət”ə danışan Elvira bunları deyib: "İlk günlərdə baş verənlərə inanmaqda çətinlik çəkirdim. Birinci gün nənəm məni oyadıb dedi ki, müharibə başlayıb. İnanılmaz dərəcədə qorxdum”.
Davamlı olaraq ağladığını və sevgilisinin dəstəyi sayəsində sağ qala bildiyini deyən Elvira xoşbəxtlikdən tanıdığı heç kimin də xəsarət almadığını bildirib.
"Səslər çox qorxulu idi"
Hələ ötən yanvarın sonunda Elvira Rusiyanın Kiyevə gələcəyi ilə bağlı çoxlu xəbərlər eşidib, amma bunun doğru olacağına inanmadığını deyirmiş. Dünənki telefon danışığında isə o, "Bomba səsləri çox yüksək idi. Ən qorxulusu səslər idi, hər gün bu səslər təkrarlanırdı" deyib.
Elvira bildirib ki, indi Kiyev normal vəziyyətə qayıtmağa çalışır: "Elə mən də..."
O, yenidən barista kimi işləməyə başlayıb.
Rusiya ilə problemlərin müharibədən əvvəl həllini arzuladığını deyən Elviranın münasibəti az qala bütün ukraynalılar kimi sərtləşib: "Ümid edirəm ki, onlar elədiklərinin əvəzini ödəyəcəklər".
"Kiyevə geri dönməyi düşünmürəm”
Jurnalistin işğaldan əvvəl Kiyev meydanında söhbət etdiyi reklamçı, 18 yaşlı tələbə Sofiya hazırda ölkənin ən qərb şəhəri olan Lvovdadır və tezliklə Kiyevə qayıtmağı planlaşdırmır.
Sofiya həmin günü belə xatırlayır: "Müharibə başlayanda mən televizorda xəbərlərə baxırdım. Saat 04:00-da bombardman başladı. Dərhal zinət əşyalarımı, bir neçə yemək və digər zəruri əşyalarımı toplamağa başladım. Universitet yataqxanasında qalırdım. Məmurlar dedilər ki, şəhərdən çıxıb qərbə gedək. Bacım və əri ilə Lvova gəldim. Biz yol boyu bombaların partlayış səsini eşidirdik".
10 milyon insandan biri
Sofiya işğal nəticəsində didərgin düşmüş 10 milyon ukraynalıdan biridir və işğaldan əvvəl müharibənin başlayacağına əmin olmadığını, bəzi tanışlarının "müharibə mümkün deyil” dediyini də qeyd edir. Nisbətən müharibədən kənarda olmasına baxmayaraq, Lvova qarşı da raket hücumlarının artdığını təsdiqləyən Sofiya, "Bu yaxınlarda qatar relslərinə hücum oldu... Lvov şəhəri də indi çox sakit deyil" deyib.
"Pasxa bayramında belə bombaladılar"
Ölkənin şərqindəki ən böyük yaşayış məntəqələrindən biri olan Kramatorskda Ukrayna bayrağının dalğalandığı son nöqtə olan Avdiivkayda yaşayan və mehmanxana sahibi olan Aleksey Pasxa bayramında belə bombardmanların dayanmadığını deyib. Jurnalist qeyd edib ki, aprelin 8-də Aleksey ilə sonuncu dəfə görüşdüyü Kramatorsk vağzalına raket hücumu nəticəsində 59 nəfər həlak olub. O, hələ də işinə davam etdiyini deyib. Aleksey bildirib ki, onlar hətta Pasxa bayramına baxmayaraq, şəhəri bombalamağa davam etdilər: "Hər yerdən tarakan kimi çıxırlar... Onlar üçün müqəddəs heç nə yoxdur".
Ukraynada paytaxt və qərbdəki şəhərlər normal həyata dönməyə çalışır. Kiyevdə hava hücumu siqnalları hər gün səslənsə də, bu ölkədə olan diplomatlar şəhərə qayıdır, restoranlar az-az olsa da, fəaliyyətini bərpa etməyə çalışır.
Qeyd edək ki, ötən gün Kiyevə səfər edən və səfirliyin yenidən açılacağını açıqlayan ABŞ dövlət katibi Antoni Blinken küçədə gəzən insanlara diqqət çəkərək Rusiyanın uğursuzluğa düçar olduğunu deyib.
Günay İlqarqızı