Xəbər lenti

Müharibənin iki həftəsi: Zelenski onu öldürmək üçün gələnlərin yaxınlığında borş yeyirdi… (VİDEO)
Dünya07:56 30.04.2022

Müharibənin iki həftəsi: Zelenski onu öldürmək üçün gələnlərin yaxınlığında borş yeyirdi… (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Time” jurnalı "Zelenskinin dünyasında” adlı böyük məqalə dərc edib və mayın 9-da satışa çıxarılacaq sayının üz qabığında Ukrayna prezidentinin portretini yerləşdirib. Nəşrin müxbiri Saymon Şuster apreldə iki həftə Volodimir Zelenski ilə Kiyevdəki ofisində olub və müharibənin iki ayı ərzində Zelenskinin həyatının necə dəyişdiyi barədə ətraflı danışıb. Reportajın ən maraqlı məqamlarını təqdim edirik.
Müharibənin ilk saatları 
Müharibənin ilk saatlarında Rusiya hərbçiləri tərəfindən Kiyevin Bankova küçəsindəki "Üçbucaq” kimi tanınan hökumət məhəlləsini nəzarətə götürmə cəhdləri olub. Zelenski deyir ki, o, həmin hadisələri ancaq hissəvi, obrazlar və səslər toplusu səviyyəsində xatırlayır. Ən yadda qalan isə alaqaranlıqda həyat yoldaşı ilə uşaqlarını, 17 yaşlı qızı və 9 yaşlı oğlunu oyatmaq və onları təxliyəyə hazırlamaq olub. "Çox səs-küy var idi. Partlayışlar olurdu”, - Zelenski xatırlayır.
Hərbçilər Zelenskiyə bildiriblər ki, Rusiya desant qrupları Kiyevə eniş edib, onlara prezident və ailəsini ələ keçirib öldürmək tapşırılıb. "O gecəyə qədər biz bunu ancaq filmlərdə görmüşdük", - Ukrayna Prezidentinin ofisinin rəhbəri Andrey Yermak deyir. Hərbçilər küçələrdə döyüşərkən, prezident qvardiyası tələsik Zelenskinin iqamətgahı ətrafında bütün mümkün vasitələrlə barrikadalar qururdu. Bu, istehkamlardan daha çox metal toplusuna bənzəyirdi. Zelenskinin bir çox tərəfdaşı, bəziləri hətta ailələri ilə birlikdə Bankovaya gəliblər. Prezident və köməkçilərinə gülləkeçirməz gödəkçə və avtomat verilib.
İlk gecə Rusiya hərbçiləri hökumət məhəlləsinə iki hücum cəhdi ediblər. Prezident ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviçin sözlərinə görə, "bu, əsl dəlixana idi".  Zelenski bildirir ki, həmin vaxt onun həyat yoldaşı və uşaqları hələ də Bankova küçəsində idilər. ABŞ və Böyük Britaniya sürgündə olan hökumət yaratmaq üçün Zelenski və onun komandasının təcili olaraq Polşaya təxliyyə edilməsini təklif ediblər. Prezident ABŞ tərəfi ilə telefon danışığında sonradan bütün dünyada manşetlərə çevrilən bir ifadə işlədib: "Mənə nəqliyyat yox, sursat lazımdır”.
Bundan sonra Zelenskiyə Kiyevdən kənarda uzunmüddətli mühasirəyə tab gətirə bilən təhlükəsiz bunkerə köçmək təklif olunub. O, yenə də imtina edib. Bunun əvəzinə, işğalın ikinci gecəsi, yaxınlıqdakı küçələrdə döyüşlər davam edərkən, Zelenski müşavirləri ilə birlikdə Bankovanın həyətinə çıxaraq sosial şəbəkə üçün video çəkiblər: "Biz hamımız buradayıq. Müstəqilliyimizi, dövlətimizi müdafiə edirik”.
Müharibə dövründə Prezident ofisinin işi haqqında
İşğalın ilk həftələrində, hələ Rusiya artilleriyası Kiyevi vura bilmə məsafəsində olan zaman prezidentin cəbhədəki vəziyyətin öyrənilməsi ilə bağlı hərbi rəhbərliyə ilk telefon zəngi sübh saat 5 radələrinə təsadüf edirdi. Rusiya qoşunları Kiyev vilayətini tərk etdikdən sonra belə danışıqlar bir-iki saat qabağa çəkilib. 
"Time”nin yazdığına görə, prezidentin Bankova küçəsindəki ofisində çox şey dəyişməyib: pəncərələr qum kisələri ilə örtülüb, mobil telefonlara qadağa qoyulub, elektrik enerjisindən az istifadə edilir. Hamını silahlı əsgərlər müşayiət edir. 
Kompleksin ətrafındakı küçələr blok-post və barrikadalar labirintinə çevrilib. Buraya şəxsi avtomobillə yaxınlaşa bilməzsiniz, mühafizəçilər ziyarətçilərdən gündəlik dəyişən məxfi parollar soruşurlar. Adətən parollar "qəhvə fincanı pərəstişkarı" kimi mənasız sözlər toplusundan ibarət olur. 
Zelenskinin komandası vaxtının çox hissəsini Bankova yaxınlığındakı gizli bunkerlərdə keçirib. Lakin rus ordusu geri çəkildikdən sonra ofis işçiləri təhlükəsizlik tədbirlərinə getdikcə məhəl qoymadan adi ofislərinə qayıtmağa başladılar. Zelenski tez-tez "Situasiya otağı”nda - uzaqdan operativ görüşlərin keçirilə biləcəyi, divarlarında böyük ekranları olan pəncərəsiz iclas otağında işləyir.
Vicdan əzabı və dünyanın diqqəti haqqında 
Zelenski hər gecə bunkerində yatmazdan əvvəl vərdişinə uyğun olaraq yenidən ötən günün gündəliyinə baxır və vacib bir şeyi unudub-unutmadığını düşünür. "Bunun heç bir mənası yoxdur, - o deyir. - Eyni gündəmdir. Mən görürəm ki, bu gün üçün artıq hər şey edilib. Amma baxıram və hiss edirəm ki, nəsə çatmır. Vicdanım məni narahat edir”. Ukraynada bombardmanlar və hərbi cinayətlər davam edərkən, mülki insanlar hələ də zirzəmilərdə gizlənərkən prezident gözlərini yumub bir az da olsa yata bilməz.
O deyir ki, Ukraynadan kənarda olan insanlar bu müharibəni sosial şəbəkələr vasitəsilə izləyirlər, bundan yorulanda ekranı çevirirlər. Bu, normal insan təbiətidir, dəhşətlər insanları üz döndərməyə məcbur edir. Zelenski dünyanın müharibəni necə qəbul etməsindən və insanların diqqətinin azalmasından narahatdır. İndi onun missiyası azad dünyanın bu müharibəni Ukraynada olduğu kimi yaşatmaqdır: özünün sağ qalması məsələsi kimi.
Döyüş bölgələrinə səfərlər haqqında
Martın əvvəlində rus qoşunları hələ də paytaxtı mühasirəyə almaq üçün Kiyevi atəşə tutarkən, Zelenski döyüşlərin miqyasını şəxsən qiymətləndirmək üçün iki dostu və bir qrup mühafizəçinin müşayiəti ilə gizli şəkildə öz iqamətgahını tərk edib. Prezident şəhərin kənarında Bankova küçəsinin şimalında olub, orada dağılmış körpünü və yolda partlayış nəticəsində yaranan nəhəng krateri görüb. O, blok-postda Ukrayna hərbçiləri ilə söhbət edərkən mühafizəçiləri Zelenskinin Rusiya mövqelərinə nə qədər yaxın olması fikrindən dəli olurdular. 
Bir neçə gün sonra Zelenski köməkçilərinin təbirincə desək, "borş səfərinə” gedib. Kiyevin kənarındakı nəzarət-buraxılış məntəqəsində o, əsgərlərə hər gün bir qazan təzə borş gətirən şəxslə rastlaşır. Orada onlar, rus snayperlərinin və artilleriyasının vura bilmə məsafəsində dayanıb borş yeyir, Sovet İttifaqından və o dağılandan sonra Rusiyanın necə vəziyyətə düşdüyündən danışırlar. Zelenskinin sözlərinə görə, bu söhbət onda dərin təəssürat yaradıb. Aşpaz ruslara nə qədər nifrət etdiyini danışır, sonra da baqajdan sovet ordusunda xidmət edərkən aldığı bir neçə medal çıxarıb göstərir.
Müharibənin 40-cı günündə Zelenski jurnalistlərin müşayiəti ilə rus qoşunlarının çıxarılmasından sonra onlarla mülki vətəndaşın cəsədinin tapıldığı Buçaya gedir. Zelenski və komandası cinayət səhnələrini öz gözləri ilə görəndə onların dəhşəti hiddətə çevrilir. "Biz Rusiya ilə bütün sülh danışıqlarını ləğv etmək istəyirdik, - Moskva ilə danışıqlarda nümayəndə heyətinin rəhbəri David Araxamiya deyir. - Onların üzünə belə baxa bilmirdim”.
Zelenskinin çıxışları haqqında
Müharibənin ilk ayında Zelenski gündə təxminən bir çıxış edirdi. O, Avropa Parlamenti, Dünya Bankı və ya Qremmi Mükafatları kimi müxtəlif tədbirlərdə onlayn çıxış edib. Hər bir çıxış konkret auditoriya nəzərə alınmaqla hazırlanıb. Həmçinin hər gecə Ukrayna prezidenti xalqa müraciət edir. "Tez-tez Zelenskinin spikerinin kim olduğunu soruşurlar. Əsas özüdür. O, hər bir sətrin üstündə işləyir”, – prezident ofisinin rəhbərinin mətbuat katibi Darya Zarivnaya deyir.
Zelenski xarici liderlərlə, demək olar ki, hər söhbətində Ukraynaya silah verilməsini xahiş edir. Bəzən həmsöhbətçilərinin tərəddüdlərinə diplomatiyaya uyğun olmayan reaksiya verir. Məsələn, o, BMT Təhlükəsizlik Şurasına özünü ləğv etmək məsələsinə baxmağı təklif edib və Almaniya prezidentindən Kiyevə gəlməməyi xahiş edib. Zelenski özünü hərbi strateq kimi yox, ünsiyyətçil, dövlətin canlı simvolu, millətinin yaşaması üçün mübarizə aparan biri kimi görür.
Onun köməkçiləri bu missiyanı fərqli qiymətləndirirlər. "Bəzən o, rola girir və prezidenti rolunu oynayan aktyor kimi danışmağa başlayır. Ozünü rahat hiss edəndə çox dürüst və humanist bir insan kimi təəssürat yaradır”, - vaxtı ilə teatr aktyoru olan Aleksey Arestoviç deyir.
Donbas uğrunda döyüş 
Müharibənin 55-ci günündə Zelenski Rusiyanın Ukraynanın şərqində hərbi əməliyyatının ikinci mərhələsinə, Donbas uğrunda döyüşə başladığını elan edir. O hesab edir ki, böyük ehtimalla orada bu və ya digər tərəfin ordusu tam məhv ediləcək. "Bu, Ukrayna ərazisində indiyədək gördüyümüz ən böyük döyüş olacaq. Əgər dözsək, bu, bizim üçün həlledici an olacaq. Həlledici məqam”, -  Zelenski aprelin 19-da "Time”a deyib.
Müharibə Zelenskini necə dəyişdi?
"Mən böyüdüm, heç vaxt arzulamadığım bütün bu müdrikliklə yaşlandım. Ölənlərin sayı, rus əsgərlərinin verdiyi işgəncələr haqqında məlumatlar. Bəli, bu, belə bir müdriklikdir, – Zelenski "Time” jurnalistinə etiraf edib. - Düzünü desəm, heç vaxt belə bir bilik əldə etmək məqsədim olmayıb”.
İndi müharibəyə baxaraq, Zelenskinin aktyorluq karyerasını tərk edərək Ukrayna prezidentliyinə namizəd olmaq qərarına gəldiyinə görə peşman olub-olmadığını soruşduqda o, belə cavab verir: "Bir saniyə belə yox”. O, müharibənin necə bitəcəyini, tarixdəki yerinin necə olacağını bilmir. Amma o bilir ki, Ukraynaya müharibə dövrünün prezidenti lazımdır və bu rolu oynamaq niyyətindədir.
Tərcümə: Nizami Bağırov
Qaynarinfo