
İki yaşlı körpənin ayaqlarını itirməsinə görə obyektin icarədarı və daha iki nəfər barədə iki aylıq həbs qərarı verildi; sabiq deputatı da istintaqda çətin suallar gözləyir...
İyulun 21-də Bakı şəhər sakini, 2010-cu il təvəllüdlü İmran Cəfərzadənin Xaçmaz rayonunun Seyidli kəndində fəaliyyət göstərən “Nabran Holiday Village” istirahət mərkəzində ağır bədən xəsarətləri alması ilə nəticələnən hadisə ilə bağlı 3 nəfər həbs olunub. Xaçmaz Rayon Məhkəməsinin qərarı ilə həmin şəxslər barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib. Xəbəri APA yayıb.
Məlumatda deyilir ki, həbs olunanlar Xudat şəhər sakini Aslan Hacıməmmədkərimov, obyektin icarədarı Xaçmaz rayonu, Xudat şəhər sakini İbrahimov Firdovsi Ağamusa oğlu və Sumqayıt şəhər sakini Rəşad Zərbəliyevdir.
Qeyd edək ki, prezident İlham Əliyev bu hadisəni şəxsi nəzarətinə götürdükdən sonra faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda qaldırılmış cinayət işinin (əmək mühafizəsi qaydalarını pozma və səhlənkarlıq) ciddi araşdırılacağı və həbslərin olacağı gözlənilən idi. Cinayət işinin istintaqının Baş Prokurorluq rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülməsi də həbslərin olacağına işarə edirdi.
“CTF” şirkətinin təsisçisi, parlamentin sabiq deputatı Nizami İsgəndərov “Nabran Holiday Village” baş verən hadisə ilə bağlı açıqlama verərək məsuliyyəti üzərindən atıb. O deyib ki, “Nabran Holiday Village” istirahət mərkəzi son 4-5 ildir müqavilə əsasında müxtəlif icarədarlar tərəfindən idarə olunub: “Hazırda da müqavilə əsasında fiziki şəxs Firdovsi İsmayılovun icarəsindədir. Həmin müqavilədə göstərilir ki, sözügedən istirahət mərkəzi ilə bağlı bütün məsuliyyət, o cümlədən istirahət mərkəzinin texniki təchizatının saz formada olması müqavilə əsasında həmin fiziki şəxsə verilib. Hətta bu qurğuların istifadə qaydası həmin fiziki şəxsə başa salınaraq imzalarla təsdiq olunub”.
Həbs edilənlərdən biri obyektin icarədarı Firdovsi adlı şəxsdir. Amma onun soyadı sabiq deputatın iddia etdiyi kimi İsmayılov yox, İbrahimovdur. Barəsində həbs qərarı verilən Rəşad Zərbəliyevin Sumqayıt şəhər sakini olması da diqqət çəkir. Ehtimal var ki, o, N.İsgəndərovun yaxın adamlarından biri kimi “Nabran Holiday Village” idarə edirmiş.
Bu həbslərdən sonra N.İsgəndərovun da istintaqa çağırılacağı və müstəntiqlərin çətin suallarına cavab verəcəyi gözlənilir. Qeyd edək ki, hüquqşünaslar bildirir ki, N.İsgəndərov da obyektdə baş verənlərə görə birbaşa məsuliyyət daşıyır: “Əgər obyektiv, dürüst araşdırma aparılsa məlum olacaq ki, obyekt özbaşına tikilidir və ya layihə-smeta sənədlərinə uyğun olmadan tikilib. Azərbaycanda imkanlı şəxslərin, xüsusilə deputatların çox böyük təsir imkanları var. Nizami İsgəndərovu ilk növbədə özbaşına tikintiyə görə məsuliyyətə cəlb etmək olar” deyə, sabiq prokurorluq işçilərindən biri “Yeni Müsavat” a bildirib.
Xatırladaq ki, iyulun 21-də Bakı şəhər sakini, 2010-cu il təvəllüdlü İ.Cəfərzadə atası ilə birlikdə iyulun 21-də saat 12:30 radələrində istirahət etdikləri mərkəzin ərazisindəki hovuzun içərisində suda olarkən hovuzun yaxınlığında quraşdırılmış “Akvapark” adlanan qurğu işlək vəziyyətə gətirilib. Bu zaman su borusunun hovuzun içərisindəki hissəsində təhlükəsizliyi təmin edəcək qoruyucu barmaqlıq olmadığından yaxınlıqda olan azyaşlı İ.Cəfərzadənin hər iki ayağı həmin borunun içərisinə daxil olaraq ağır bədən xəsarətləri alıb.
Prezidentin şəxsi nəzarətinə götürüldükdən sonra körpə Almaniyaya göndərilib. Artıq onun üzərində ilk əməliyyat aparılıb.
Əldə etdiyimiz məlumata görə, ölkəni sarsıdan bu hadisədən sonra Fövqəladə Hallar, Turizm, Daxili İşlər nazirlikləri, o cümlədən Baş Prokurorluq və Vergilər Nazirliyi Nabrandakı bütün istirahət zonalarında yoxlamalara başlayıb.
Qaynar.info