Harvard Tibb Məktəbinin alimləri nadir rast gəlinən beyin şişi olan papilyar kraniofaringioma üçün yeni müalicə üsulu hazırlayıblar. Terapiya şişlərin kiçilməsində görünməmiş müvəffəqiyyət əldə edib.
Qaynarinfo xəbər verir ki, araşdırma "New England Journal of Medicine" jurnalında dərc olunub.
Tədqiqat 16 xəstəni əhatə edib, onlardan 15-i vemurafenib və kobimetinib kombinasiyası ilə ən azı 28 günlük terapiya kursunu tamamlayıb. Dörd dövr ərzində şiş ölçüsündə orta azalma 68%-dən 99% -ə qədər (orta hesabla 91%) dəyişib.
7 xəstə eksperimental terapiyanın dayandırılmasından sonra başqa müalicə almayıb. Təxminən iki il təqib edildikdə, 6 nəfərdə şişin irəliləməsinə dair heç bir dəlil olmayıb. Müalicə zamanı xəstələrin heç birində şiş böyüməyib, ölən olmayıb.
"Bir və ya daha çox terapiya dövrünü tamamlayan bütün xəstələr müalicəyə cavab verdilər, bu, beyin şişləri üçün hər hansı tibbi müalicəyə ən yüksək cavab nisbətidir", deyə alimlər bildirib.
Müəlliflərin əvvəlki tədqiqatları göstərmişdi ki, papilyar kraniofaringiomaların təxminən 95%-də BRAF genində mutasiyalar var və bu da melanomanın bəzi formalarında mövcuddur. Alimlər aşkar ediblər ki, mövcud xərçəng dərmanları, BRAF/MEK inhibitorları, gen qüsurlu papilyar kraniofaringiomaları aradan qaldıra bilər.
Tədqiqatçılar qeyd ediblər ki, terapiya dövrlərinin optimal sayını müəyyən etmək üçün daha çox araşdırmaya ehtiyac var.
Papilyar kraniofaringiomalar adətən cərrahiyyə və radiasiya ilə müalicə olunur, lakin şişin natamam rezeksiyası və radiasiya toksikliyi görmə və ya yaddaş itkisinə səbəb ola bilər.
Aydın