NATO-nun baş katibi Mark Rütte bildirib ki, alyansın müdafiə sənayesi sahəsində əməkdaşlığı və innovasiyası qarşıdan gələn NATO zirvəsinin əsas mövzularından biri olacaq.
Qaynarinfo-nun xarici mətbuata istinadla xəbər verir ki, Rütte Türkiyənin NATO-nun müdafiə sənayesi bazasında artan rolunu yüksək qiymətləndirib.
Atlantik Şurasının tədbirində çıxış edən Rütte deyib ki, qarşıdakı zirvə ötən il Haaqada keçirilən sammitdə qəbul edilmiş öhdəliklərin icrasını nümayiş etdirəcək.
O bildirib: "Dünyaya görülən işləri nümayiş etdirəcəyik".
Rütte əlavə edib ki, zirvədə "NATO 3.0" konsepsiyasına xüsusi diqqət yetiriləcək. Onun sözlərinə görə, bu konsepsiya güclü alyans daxilində Avropanın müdafiə sahəsində rolunun daha da möhkəmləndirilməsini nəzərdə tutur. O, Haaqa sammitində 2035-ci ilədək ÜDM-in 5 faizinin müdafiə xərclərinə ayrılması ilə bağlı qərarı tarixi adlandırıb.
NATO-nun baş katibi qeyd edib ki, Avropa müttəfiqləri və Kanada 2016–2026-cı illər ərzində müdafiə xərclərinə əlavə 1,2 trilyon dollar vəsait yönəldib. Onun sözlərinə görə, 2025-ci ildə müdafiə investisiyalarının həcmi təxminən 20 faiz artıb və bu vəsaitlərin real hərbi imkanlara çevrilməsi böyük əhəmiyyət daşıyır.
Rütte müttəfiqləri istehsal və sənaye əməkdaşlığını genişləndirməyə çağıraraq deyib:
"Bizə əsl Transatlantik müdafiə sənayesi inqilabı lazımdır".
O bildirib ki, zirvə çərçivəsində müdafiə sənayesinə həsr olunmuş xüsusi tədbir keçiriləcək, burada on milyardlarla dollar dəyərində yeni müqavilələr, niyyət protokolları və iri layihələr təqdim ediləcək. Rütte vurğulayıb ki, NATO-nun müdafiə sənayesi bazası Kaliforniyadan Türkiyəyədək uzanır.
Baş katib qeyd edib ki, Türkiyədə təxminən 3 min müdafiə sənayesi şirkəti fəaliyyət göstərir. O xatırladıb ki, bu il "ASELSAN" şirkətini ziyarət edib və onu Türkiyənin ən böyük müdafiə elektronikası şirkəti adlandırıb.
Rütte deyib:
"Onlar Türkiyənin müdafiə sənayesi inqilabına təkan verir və bunun faydasını bütün alyans üzvləri görəcək".
Baş katib Rusiyanı NATO üçün hazırkı və uzunmüddətli təhlükə kimi qiymətləndirib. O, həmçinin Çinin hərbi modernizasiyasını, Şimali Koreyanın nüvə proqramını və İranın nüvə proqramını da risk amilləri sırasında göstərib. Rütte NATO-nun Ukraynaya dəstəyini davam etdirəcəyini bildirib.
O əlavə edib ki, Prezident Volodimir Zelenski Ankarada keçiriləcək zirvədə iştirak edəcək.
Aydın
Şərhlər