Xəbər lenti

NATO ilə Rusiya arasında hərbi qarşıdurma baş verərsə... (ŞƏRH)
Dünya08:59 24.01.2024

NATO ilə Rusiya arasında hərbi qarşıdurma baş verərsə... (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bu müharibədə qalib olmayacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev son zamanlar NATO Rusiya arasında birbaşa qarşıdurmanın olacağı barədə artan proqnozlar fonunda həmin savaşdan kimin qalib gəlmə şansının daha çox olduğunu şərh edərkən deyib. 
"Həqiqətən də son zamanlar istər Qərb, istərsə də postsovet məkanı ekspertləri NATO ilə Rusiya arasında gerçək toqquşmanın ola biləcəyilə bağlı proqnozlar verməyə başlayıblar. Ancaq onun fərqindəyəm ki, hər iki cəbhə bu müharibənin hər iki tərəfin intiharına səbəb ola biləcəyini aydın şəkildə başa düşür. Bu müharibədə qalib olmayacaq. Çünki burada söhbət artıq nüvə dövlətlərinin savaşından gedir. Nüvə silahı sülh və sabitliyi təmin etmək, dünya müharibələrinin qarşısını almaq yolunda demokl qılıncı rolunda çıxış edir. Ancaq vəziyyət qəlizləşir. NATO şərqə doğru genişlənir. Rusiya da velikorus maraqlarından çıxış edir. NATO Rusiya gerçək qarşıdurmasında kimin qalib gələcəyini bu mənada proqnozlaşdırmaq çətindir. Rusiya hərbi doktrinası və təhlükəsizlik doktrinasında nüvə silahını tətbiq edə biləcəyini bəyan edib. Rusiya ətrafında da koalisiya yaranır. Bunlar Çin, Şimali Koreya, İrandır. Digər tərəfdə, Avropa ölkələri və ABŞ var", deyə Üzeyir Şəfiyev bildirib.
Ekspert hərbi qarşıdurmanın qaçılmaz olduğu qənaətindədir:
"Artıq proksi müharibələr effekt vermir. Ukrayna cəbhəsində Rusiya ilə yanaşı, Qərb də taqətdən düşür. Nəticə isə yoxdur. Belədə proksi savaşların real savaşa keçməsi ehtimalı var. Rusiyanın Ukraynada qələbəsi onun iştahını artıracaq və o, Şərqi Avropaya da nüfuz etməyə çalışacaq. Putinin NATO-nu 1989-cu ildən əvvəlki sərhədə qaytarmaq planı var. Hər halda, imperiya ambisiyası genişlənən Rusiyanı dayandırmaq lazımdır".
Ekspertə görə, NATO Rusiya savaşına indiki situasiyada ikincisi daha çox hazırlıqlıdır:
"Avropa psixoloji olaraq müharibəyə hazır deyil. Bunu Putin də hiss edir. Avropa ölkələrində döyüş əzmi aşağı səviyyədədir. Amma Qərb fikir ayrılıqlarını aradan qaldırıb, məsələyə mütəşəkkil şəkildə fokuslana bilsə, Rusiyanı geri otuzdura biləcək”. 
Rüfət Sultan