"Ukraynanın NATO-ya üzv qəbul edilməyəcəyi öncədən bəlli idi”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev NATO-nin Vilnüs sammitinin ilk günündə baş verənləri şərh edərkən deyib. Həmsöhbətimiz bildirib ki, İsveçin məsələsinə müsbət cavab veriləcəyi də gözlənilən idi:
"İsveçin NATO-ya üzvlüyü məsələsi bilirsiniz ki, ilk növbədə Türkiyənin tutacağı mövqe ilə bağlı idi. Vilnüs samitindən öncə ABŞ və Türkiyə dövlət başçıları və xarici işlər nazirlərinin telefon danışıqları olub. ABŞ-ın həmin məsələdə bu qədər israrlı olması prosesin uğurlu bazarlıqla yekunlaşacağını əvvəlcədən söyləməyə imkan verirdi. Baxmayaraq ki, İsveçdə bəziləri İslam dininə qarşı təhqiredici hərəkətlərə yol verməklə Türkiyəni qıcıqlandırmağa çalışırdılar. Amma əslində bu sayaq təxribatlar Türkiyənin İsveç məsələsində əlini gücləndirdi”.
Ekspert qeyd edib ki, Kiyev indiki halda NATO-ya qəbul edilməsə də, Ukrayna-NATO Şurasının yaradılması sözügedən ölkənin müharibə bitəndən sonra Alyansa sürətli inteqrasiyasına hesablanmış addımdır:
"Ukraynanın NATO-ya qəbulu əvvəldən də real görünmürdü. Çünki NATO nizamnaməsinin 5-ci bəndinə görə üzv ölkələrdən hər hansı biri təcavüzə məruz qalarsa, digər blok üzvləri də ona açıq dəstək verməlidir. İndiki halda Kiyevin quruma qəbulu isə artıq Rusiya-NATO müharibəsi anlamına gələ bilərdi. Beynəlxalq ictimaiyyət arasında qınaq obyektinə Rusiyadan daha çox, NATO-nun özü düşə bilərdi. Ukrayna-NATO Şurasının yaradılması isə diplomatik dildə hərbi blokun Ukrayna xalqına verdiyi dəstəyinin açıq mesajıdır. Belə bir şuranın yaradılması müharibə bitəndən sonra Ukraynanın NATO-ya inteqrasiyasına verilən mesaj olmaqla yanaşı, işğala məruz qalan ölkə xalqının mübarizə əzminin yüksəldilməsi baxımından da vacib qərardır”.
Qeyd edək ki, NATO-nun Vilnüs sammitinin birinci günü başa çatıb. İclasın ilk günü İsveçin NATO arzusu nəhayət həyata keçdi. Amma Ukrayna ilə bağı məsələdə hərbi blok müəyyən qədər gözləmə mövqeyi tutdu. Bununla belə, NATO-Ukrayna Şurasının yaradılması qərara alınıb ki, bu da Kiyevin bloka daxil olmasını asanlaşdıracaq.
Rüfət Sultan