NATO-nun hərbi komitəsinin rəhbəri Rob Bauer bildirib ki, alyansa üzv olan ölkələr Rusiyadan gələn təhdidləri diqqətlə izləməlidirlər. O qeyd edib ki, alyans 300 min çevik qüvvəni "təcavüz ehtimalının” ən yüksək olduğu ərazilərdə yerləşdirməyə hazırlaşır.
Qaynarinfo xəbər verir ki, o, bu barədə Polşanın PAP agentliyinə müsahibəsində danışıb.
"Biz təhlükə altında olan əraziləri gücləndirməliyik: şərq cinahı, uzaq şimal, eləcə də Atlantik okeanı. Rusiyalılar hər yerdədir: Afrikada və Aralıq dənizində, kosmosda və kiberməkanda. Bütün istiqamətlər daim müttəfiq kəşfiyyatı tərəfindən izlənilməlidir”, – Rob Baeur bildirib.
Bauerin sözlərinə görə, NATO-ya üzv ölkələrin təhlükəsizliyini təmin etmək üçün növbəti addım alyansın qüvvələrinin ayrı-ayrı ərazilərdə bölüşdürülməsi olacaq. "Burada yeni olan 30 gün ərzində hazır olacaq 300 minlik çevik reaksiya qüvvəsidir” deyən NATO hərbi komitəsinin rəhbəri əlavə edib ki, müttəfiq qüvvələrin komanda strukturlarında da dəyişikliklər planlaşdırılır.
Rob Bauer əlavə edib ki, NATO 2024-cü ildə planlaşdırılan "Steadfast Defender” təlimlərinin bir hissəsi kimi "şərq cinahda mümkün Rusiya təcavüzünə” hazırlaşmağı planlaşdırır. Burada 40 minə yaxın ittifaq əsgəri iştirak edəcək. "Bu, Soyuq Müharibədən bəri ən böyük belə tədbirlərdən biridir", - NATO hərbi komitəsinin rəhbəri vurğulayıb.
Qeyd edək ki, "Steadfast Defender” Almaniya,Polşa və Baltikyanı ölkələrdə keçiriləcək. Təlimlər ilk dəfə sentyabr ayında elan edilib. "Financial Times” qəzeti təlimin məqsədini "Rusiyanın NATO ölkəsinə qarşı təcavüzünü dəf etmək cəhdi” adlandırıb. Rusiya Xarici İşlər Nazirliyi cavab olaraq bildirib ki, alyansın təlimləri "Rusiyaya hücumun məşqidir”.
Nizami Bağırov