NATO-nun Rusiya ilə müharibəsi göründüyündən daha yaxındır. Reallıqda Qərbin maksimum 2-3 ili var.
Qaynarinfo xəbər verir ki, bu barədə Oslo Universitetinin elmi əməkdaşı Fabian Hoffmann X səhifəsində
yazıb.
1. Qərbin əsas səhvlərindən biri Rusiyanın Ukraynaya hücumunu onun NATO-ya potensial müdaxiləsinə ekstrapolyasiya etmək, həmçinin Rusiyanın NATO-ya qarşı müharibəsinin də eyni şəkildə, yalnız daha geniş miqyasda inkişaf edəcəyini gözləməkdir. Bu belə deyil. Rusiya heç bir halda NATO ilə müharibəyə NATO-nun Rusiya ilə müharibəyə baxdığı kimi baxmır.
2. Rusiya NATO ilə genişmiqyaslı şərti müharibədə resurslar baxımından uduzacağını anlayır. Rusiyanın birbaşa hərəkət edəcəyini düşünmək səhvdir. Əvəzində Rusiya NATO-ya qarşı müharibədə Ukraynanın işğalından öyrəndiyi əsas dərsə arxalanacaq - Qərbin qətiyyətsizliyinə.
3. Buna görə də Rusiyanın müharibə baxışı eskalasiyanın idarə edilməsi və nəzarəti ətrafında fırlanacaq. Bu, Qərbin eskalasiyaya qarşı psixoloji qorxusuna əsaslanır ki, bu da düzəlməz zərərə gətirib çıxara bilər və buna görə də NATO-nun gələcəyi və Avropada təhlükəsizlik arxitekturasının Rusiya şərtləri ilə danışıqlara qapı açır.
4. Soyuq müharibədən bildiyimiz kimi, hərbi güc balansı həlledici amil deyil. Münaqişələrin nəticəsi çox vaxt daha irəli getmək əzmi, eləcə də "stavka”lar qaldırıldıqda öz mövqeyində dayanmaq istəyi ilə müəyyən edilirdi. (Məsələn, Karib böhranı zamanı (1962) ABŞ-ın nüvə potensialı Sovet İttifaqının potensialından 10 dəfə böyük idi, lakin ABŞ sonda güzəştə getməli oldu - Kubanın blokadasını aradan qaldırdı və ona qarşı təcavüz etməyəcəyinə zəmanət verdi). Bu, iradə mübarizəsi olacaq: strateji nüvə başlıqlarının potensial mübadiləsi riskindən ilk kim geri çəkiləcək.
5. Ukraynada baş verənlərə bənzər uzunmüddətli konvensial quru müharibəsi əvəzinə Rusiya getdikcə artan miqdarda zərər vurmağa hazır olduğunu göstərməklə NATO-nu tabe olmağa məcbur edəcək. Zərbələr NATO ölkələrinin mühüm mülki infrastrukturunu əhatə edəcək. Mesaj belə olacaq: əhalinizin əziyyət çəkməsini istəmirsiniz? Onda Şərqi Avropadan uzaq durun. Bizim ələ keçirdiyimiz Şərqi Avropa ərazisini azad etməyə cəhd etmək istəyirsiniz? Biz nüvə silahı ilə cavab verəcəyik. İki əsas konsepsiya olacaq - Zərbələrlə qorxutma və təcavüzün müqəddəsləşdirilməsi.
6. Bu baxımdan Rusiyanın NATO-nun konvensial gücü ilə rəqabət aparmağa ehtiyacı yoxdur. Qətiyyətsizlik ucbatından psixoloji təzyiqlərə tab gətirə bilməyən NATO ilk olaraq geri çəkilən kimi Rusiya öz şərtlərini irəli sürüb qalib gələcək.
7. NATO ölkələri arasında Ukraynaya dəstəklə bağlı birliyin olmaması Rusiyanın təzyiq göstərməyə başladığı zaman NATO-nun geri çəkiləcəyinə dair Rusiyanın inamını gücləndirir. Və bu baxımdan Rusiyanın Ukraynada verdiyi itkilərdən sonra konvensial gücünü bərpa etmək üçün gözləməyə ehtiyac yoxdur. 5-10 ildən sonra müharibəni nəzərdə tutan ssenarilər Rusiyanın ənənəvi gücünün bərpası ilə bağlı proqnozlara əsaslanır. Bunun əsasında proqnoz vermək səhvdir.
8. Qərb, hər cür eskalasiyaya cavabını nəzərə alan Rusiyanı cilovlamaq üçün strategiya hazırlamalıdır. Buraya aşağıdakı suallara cavab vermək də daxildir: Rusiya birinci zərbə endirsə, Qərb Rusiyanın kritik infrastruktura zərbələrinə necə cavab verəcək? Rusiya nüvə silahından ilk istifadə etsə, Qərb necə cavab verəcək? Qərbin isə bunun üçün ən yaxşı halda 2-3 ili var.
9. Qərbin həm fiziki, həm də koqnitiv hazırsızlığı Rusiyanı ancaq qızışdırır. 2014-cü ildən bəri rusiyalı intellektuallar NATO ilə müharibədə necə qalib gəlmək barədə şəxsi və açıq şəkildə intensiv müzakirələr aparırlar. Bizdə belə müzakirələr varmı?
10. Avropa anlamalıdır ki, müharibənin bədəli ağır olacaq, amma başqa variant yoxdur. Ən pis ssenarilər nəzərə alınmalıdır. Vaxt bitib.
Nizami Bağırov