Xəbər lenti

NATO-nun yeni hədəfi-şərq istiqaməti dondurulur, qürum şimala doğru genişlənir - Ekspert
Dünya12:07 12.05.2022

NATO-nun yeni hədəfi-şərq istiqaməti dondurulur, qürum şimala doğru genişlənir - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna hadisələri NATO-nun şərqə doğru genişlənməsi prosesini hələlik tormozlayıb. Müharibənin ilk dövründə Ukrayna NATO-ya üzvlük məsələsindən vaz keçdiyini bəyan etdi.  Ardınca Gürcüstan da anoloji fikirlər səsləndirdi. Lakin müharibənin uzanması fonunda məsələ ətrafında yenidən müəyyən canlanmanın olduğu hiss olunur. Hər halda şərq istiqamətində olmasa da, NATO-nun şimala doğru genişlənməsi real müstəviyə daxil olmaqdadır. Finlandiya və İsveçin bu istəyi NATO tərəfindən də müsbət qarşılanıb. Rusiya rəsmilərinin Helsinki ilə Stoqolmu təhdid etməsinə baxmayaraq, görünən odur ki, sözügedən iki ölkənin Şimali Avroatlantika blokuna üzvlüyü yaxın zamanların məsələsidir.
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən təhlükəsizlik eksperti İlham İsmayıl bildirdi ki, Ukrayna hadisələri NATO-nun şərqə doğru irəliləməsini uzun müddətə təxirə salacaq:

"NATO şərqə doğru yox, amma şimala doğru genişlənəcək. Qurumun şimala doğru genişlənməsi faktiki olaraq bir neçə günə tam məlum olacaq. Finlandiya və İsveçin NATO üzvülüyünə qəbulu üçün artıq müzakirələrə başlanılır. Bu məsələdə demək olar ki, ümumi razılıq da mövcuddur. Sadəcə olaraq, hadisənin sənədləşdirilməsi prosesi keçiriləcək. NATO-nun şərqə doğru istiqamət götürməsinə gəldikdə, artıq kifayət qədər şərqə doğru irəliləyiblər. Hədəf  Ukraynadır. Kiyevin qurumun üzvü olub-olmayacağı isə uzun prosesin tərkib hissəsidir. Faktiki olaraq indi Rusiya pat vəziyyətdədir. Putin hansısa şəkildə geri çəkilməyi, müharibəni necə bitirməyi heç özü də bilmir. Kremldə düşünürlər ki, Rusiyanın imicinə, nüfuzuna xələl gəlməməsi üçün müharibəni hansı formada bitirə bilərlər. Yaxın zamanlarda  Azərbaycan üçün NATO-ya üzvlük perspektivi gözlənilmir. Gürcüstan da inanmıram ki, Finlandiya və İsveç kimi sürətlə quruma üzv olsun. Ukrayna, Moldova, Gürcüstan və digərlərinin NATO-ya üzvlük məsələsi yaxın zamanlarda həll olunmayacaq”.
Ekspertin fikrincə, çox şey Rusiya və Ukrayna müharibəsinin nəticəsindən asılı olacaq:"Ola bilsin Rusiya tamamilə Ukrayna ərazisindən çıxsın. Amma bununla belə, həmin halda Moskva Kiyevin NATO üzvü olmaması şərtini irəli sürəcək. Nəticədə  Qərb və Ukraynanın özü də buna razı olacaq. Rusiyanın ambisiyalı dövlət olmasını nəzərə alaraq, Ukraynadan çıxsa da, onun Kiyevin NATO üzvlüyünə razılıq verəcəyi ağlabatan görünmür”.
Rüfət Sultan