NATO Hərbi Komitəsinin sədri admiral Rob Bauer bildirib ki, Qərbdə yaşayan mülki insanlar Rusiya ilə "total müharibəyə” hazırlaşmalıdırlar.
Qaynarinfo xəbər verir ki, bu barədə "Sky News" məlumat
yayıb.
Bauer bildirib ki, Alyans ordusu artıq müharibənin başlanmasına hazır olsa da, vətəndaşlar da hazır olmalıdırlar, çünki bu, onların həyatlarında "əhəmiyyətli dəyişikliklər" tələb edəcək.
"Biz başa düşməliyik ki, mövcudluğumuz öz-özlüyündə təbii hal deyil. Ona görə də biz Rusiya ilə münaqişəyə hazırlaşmalıyıq. Biz bütün spektrdə hazır olmalıyıq. Elə bir sistem hazırlamalıyıq ki, müharibə vəziyyətində, baş verib-verməməsindən asılı olmayaraq, bizə daha çox insanı öyrətməyə imkan versin", deyə Bauer bildirib.
Bauer həmçinin bildirib ki, İsveç bu ayın əvvəlində öz əhalisini müharibəyə hazırlaşmağa çağıraraq düzgün iş görüb.
"Hər şey hər şeyin proqnozlaşdırıla bilməyəcəyini və növbəti 20 il ərzində hər şeyin yaxşı olmayacağını dərk etməkdən başlayır", deyə NATO rəsmisi qeyq edib.
Rəsminin xəbərdarlığı NATO-nun Soyuq müharibədən bəri ən böyük təliminin başlaması ərəfəsində edilib və bu təlim zamanı Alyans Rusiya qoşunlarının işğalını dəf etmək üçün məşq edir.
May ayına qədər davam edəcək "Steadfast Defender” təlimlərində 90 minə yaxın hərbçinin, o cümlədən Böyük Britaniyadan olan 20 min hərbçinin iştirak edəcəyi qeyd edilir.
Xatırladaq ki, daha əvvəl də Bauer Qərbi müharibə də daxil olmaqla "hər an hər şeyin ola biləcəyi” bir dövrə hazırlaşmağa çağırıb.
Almaniyanın müdafiə naziri Boris Pistorius Avropanın yenidən "30 ildir görünməmiş hərbi təhlükə ilə üz-üzə qaldığını” deyib və 5-8 il ərzində Rusiyanın hücumu ehtimalı barədə xəbərdarlıq edib.
Almaniyanın "Bild” nəşri Avropa ölkələrindən birinin kəşfiyyatındakı öz mənbələrinə istinadən yazıb ki, Rusiya 2024-cü ilin sonu və ya 2025-ci ilin əvvəlində ABŞ-ın "lidersiz” qalacağı vaxtda Avropaya hücum etməyə cəhd edə bilər.
Nizami Bağırov