Xəbər lenti

NATO Ukraynaya 70 milyard avro yardım ayırdı, Tramp isə sülhə ümid edir
Dünya 23:09 08.07.2026

NATO Ukraynaya 70 milyard avro yardım ayırdı, Tramp isə sülhə ümid edir

NATO-nun sammitində Ukraynanın Rusiyaya qarşı mübarizəsinə dəstək üçün 70 milyard avro yardım öhdəliyi götürülüb. ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə Rusiya arasında sülh razılaşmasına ümidli olduğunu bildirib.


Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Türkiyədə keçirilən iki günlük sammitini başa çatdıraraq Ukraynanın Rusiyaya qarşı mübarizəsinə 70 milyard avro yardım ayırıb. ABŞ Prezidenti Donald Tramp isə gələcək sülh razılaşmasının perspektivlərinə nikbin yanaşıb.

Ukrayna Prezidenti Volodimir Zelenski Ankarada təşkil edilən və 32 üzv ölkənin liderlərinin qatıldığı toplantıda iştirak edib. O, burada Kiyevin mövqeyini müdafiə edib və Trampla görüşüb.

Sammitin sonunda yayılan bəyanatda NATO bildirib ki, müttəfiqlər Ukraynanın azadlığını, suverenliyini və ərazi bütövlüyünü müdafiə etməkdə qəti dəstəyini saxlayır.

Bəyanatda qeyd olunur: "2026-cı il üçün müttəfiqlər Ukraynaya 70 milyard avro dəyərində hərbi texnika, yardım və təlim vəd edir və 2027-ci ildə bunun eyni səviyyədə davam etdirilməsini öz suveren öhdəliyi kimi qəbul edirlər”.

Uzunmüddətli dəstəyin, əsasən, Avropa və Kanadadan gəlməsi, onun "ədalətli, proqnozlaşdırıla bilən və davamlı” olması məqsədəuyğun sayılır.

Bu öhdəlik Donald Tramp və Zelenskinin jurnalistlərə birgə müraciəti zamanı açıqlanıb. Trampın mövqeyi onların ötən ilki münasibətlərindən ciddi şəkildə fərqlənib.

Tramp Rusiya Prezidenti Vladimir Putini "çətin xarakterli şəxs” adlandırıb və Zelenskinin də eyni xüsusiyyətə malik olduğunu bildirib.

"Bu, ən asan məsələ deyil”, — ABŞ prezidenti sülh razılaşması barədə danışarkən deyib. "Bunun üçün böyük öhdəlik və ölkələrə sevgi lazımdır. Amma son həftələrdə xeyli irəliləyiş əldə etdiyimizi düşünürəm”.

O, həmçinin Ukraynanın son vaxtlar ABŞ-ın "Patriot” raket sistemlərinin istehsal lisenziyası üçün müraciət etməsinə toxunub və istehsal hüququnun veriləcəyini açıqlayıb.

"Onlara "Patriot” sistemlərini istehsal etmək hüququ verəcəyik. Bunun necə ediləcəyini göstərəcəyik”, — Tramp deyib. "Düşünürəm ki, onları tez istehsal edə bilərlər”.

Zelenski isə dəstəyə görə "Amerikaya həmişəki kimi təşəkkür etdiklərini” bildirib.

Rusiya ilə danışıqlar barədə danışan Zelenski qeyd edib: "Sülhü təmin etmək üçün nə etməli olduğumuzu bilirik”.

O, ABŞ prezidentinə deyib: "Müharibəni dayandırmaq üçün əlinizdən gələni edəcəyinizə inanıram”.
 

Ukrayna Prezidenti Volodimir Zelenski və həyat yoldaşı Olena Zelenska 7 iyul 2026-cı il tarixində  Ankarada keçirilən NATO sammitinə gəlirlər [Metin Aktas/Pool via AP]

İkitərəfli öhdəliklər


Ukrayna Prezidenti sammit müddətində 20-dən çox ikitərəfli görüş keçirərək Avropa və digər müttəfiqlərdən dəstək öhdəliklərini artırmağa çalışıb.

Çərşənbə günü o, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenlə dron sazişinin növbəti mərhələlərini və mümkün vaxtını müzakirə edib. Zelenski, həmçinin Cənubi Koreya Prezidenti Li Ce Myona 100 milyon dollarlıq dəstəyə görə təşəkkür edib və İtaliyanı "həyatın qorunmasında prinsipial yardım göstərdiyi üçün” yüksək qiymətləndirib.

Zelenski çərşənbə axşamı gecə Ankarada Estoniya, Niderland və Danimarka ilə yeni razılaşmalar əldə etdiyini, eləcə də Almaniya, Norveç, Finlandiya və Kanadadan əlavə dron sazişləri gözlədiyini bildirib.

Ukrayna adətən belə razılaşmaların detallarını açıqlamır.

"Royal United Services Institute”un beynəlxalq təhlükəsizlik üzrə baş elmi əməkdaşı Ed Arnold "Al Jazeera”yə açıqlamasında bildirib ki, Zelenskinin NATO-ya qoşulmaq kampaniyasına baxmayaraq, Ukraynanın alyansa üzvlüyü hazırda gündəmdə deyil.

O deyib: "Bunlar Ukraynanın döyüşdə qalması üçün güclü hərbi imkanlardır”.

Davam edən hücumlar


Rusiya NATO sammiti zamanı Ukraynaya raket zərbələri endirməyə davam edib. Çərşənbə günü Kiyevdə Rusiya raketləri azı üç nəfərin ölümünə, 14 nəfərin yaralanmasına səbəb olub. Yaralılardan doqquzu xəstəxanaya yerləşdirilib, onlardan biri 17 yaşlı oğlandır. Bunu Kiyev meri Vitali Kliçko "Telegram”da yazıb.

Xarkov vilayətinin qubernatoru Oleh Sinehubov Nemyşlyanski rayonuna hücumlarda yaralananların sayının 34-ə çatdığını bildirib.

"Al Jazeera”nin Kiyevdən canlı yayıma qoşulan müxbiri Odri MakAlpayn deyib ki, hücumlar Zelenskinin Ankaradakı "daha çox hava hücumundan müdafiə sistemi lazımdır” mesajını gücləndirib.

MakAlpayn əlavə edib ki, Ukrayna Hərbi Hava Qüvvələri Rusiya raketlərinin qarşısını almaqda çətinlik çəkir və Ukraynanın "Axilles dabanı” havadan gələn təhdidlərə qarşı effektiv cavab verə bilməməsidir.

Ukrayna dronları isə Rusiyanın enerji obyektlərinə — üç neft emalı zavoduna və boru kəməri nasos stansiyalarına zərbələr endirib.

Arnold vurğulayıb ki, Ukraynanın uzaqmənzilli cavab zərbələri imkanları onu güclü mövqeyə gətirib.

O bildirib: "Ən vacibi odur ki, onlar Rusiya logistikasına və döyüş gücünə ciddi zərbələr vurur və bunu uğurla edirlər”.

Mənbə: "Al Jazeera”
Tərcümə: Qaynarinfo.Az

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->