NATO ölkələri arasında kəşfiyyat məlumatlarının mübadiləsi təhlükə altına düşüb. Səbəb isə ABŞ prezidenti Donald Trampın siyasətidir. Bu siyasət üzvlər arasında etimadsızlığı artırır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Politico"
qəzeti Alyansın hazırkı və keçmiş rəsmiləri, eləcə də təhlükəsizlik üzrə ekspertlərə istinadən məlumat yayıb.
Qeyd olunur ki, vəziyyət onsuz da çətin idi, xüsusilə də Macarıstan və Slovakiyanın Rusiya yönlü mövqeyinə görə. İndi isə ABŞ-ın Rusiya ilə yaxınlaşması fonunda Vaşinqtonla kəşfiyyat məlumatlarını bölüşməyin təhlükəsizliyi ilə bağlı narahatlıqlar yaranıb. Bu şübhələr ABŞ-ın Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini müvəqqəti dayandırması barədə xəbərlərdən sonra daha da güclənib. Vaşinqton bu addımı Kiyevi Rusiya ilə danışıqlara məcbur etmək üçün atıb.
Alyans daxilində kəşfiyyat mübadiləsinin gələcəyi ilə bağlı narahatlığını ifadə edənlər arasında ABŞ-ın NATO-dakı keçmiş səfiri Culi Smit də var.
Kanada kəşfiyyatının keçmiş zabiti Daniel Stenton isə bildirib ki, NATO indi daha çox kəşfiyyat məlumatına ehtiyac duyur, lakin daha az məlumat əldə edəcək. Onun sözlərinə görə, ümumi düşmənin kim olduğu barədə konsensus yox olur. Bu da müttəfiqlərin kəşfiyyat məlumatlarını paylaşmaq istəyini azaldır.
"Zelenskinin cümə günü Ağ Evdə Tramp ilə keçirdiyi fəlakətli görüşdən sonra, təbii ki, çoxlu suallar ortaya çıxdı", – deyə NATO-nun hazırkı rəsmilərindən biri bildirib.
Digər yüksək vəzifəli NATO rəsmisi isə qeyd edib: "ABŞ-ın Ukrayna siyasəti səbəbindən etimadın aşınmasına baxmayaraq, NATO-da hələ də Trampın alyansa ciddi iradlarının yalnız maliyyə məsələləri ilə bağlı olduğuna inanırlar".
Bununla belə, məqalədə qeyd olunur ki, ortaq kəşfiyyat NATO üçün həlledici əhəmiyyət daşıya bilər. Məsələn, ABŞ-ın 2022-ci ildə Rusiyanın Ukraynaya hücuma hazırlaşması barədə məlumatları məxfi statusdan çıxarması müttəfiqləri birləşdirib və Kiyevin müdafiəsini gücləndirib. Lakin indi Trampın "siyasi dönüşü" səbəbindən ABŞ-ın kəşfiyyat əməkdaşlığındakı rolunun gələcəyi sual altındadır.
"NATO-nun transatlantik əməkdaşlığında kəşfiyyat mübadiləsi əsas element olaraq qalacaqmı? Bunu ABŞ-ın Ukrayna münaqişəsində və gələcək danışıqlarda nə dərəcədə obyektiv olacağına dair müttəfiqlərin şübhələri müəyyən edəcək", – deyə NATO-nun keçmiş səfiri Culi Smit yekun vurub.
UNİAN-ın əvvəlki məlumatına görə, ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini dayandırıb. Bunun nəticəsində HIMARS kimi silah sistemləri deaktiv ola bilər. The Economist jurnalistlərindən Oliver Kerrolun sözlərinə görə, kəşfiyyat məlumatlarının ötürülməsi martın 5-də Kiyev vaxtı ilə saat 14:00-da tamamilə dayandırılıb.
Bununla belə, CBS məlumat verir ki, bəzi "müdafiə xarakterli" kəşfiyyat məlumatlarının ötürülməsi davam edir. Mənbələrin sözlərinə görə, bu, ukraynalıların müdafiə olunmasına imkan verir. Həmçinin, nəşr bildirir ki, kəşfiyyat mübadiləsinin dayandırılması qərarını şəxsən ABŞ prezidenti Donald Tramp verib.
Alpər
Şərhlər