Aleksey Navalnının dəfn mərasimindən və növbəti bir neçə gündə gül dəstələri qoyulduqdan sonra təhlükəsizlik qüvvələri siyasətçi ilə vidalaşmağa gələn insanları təqib etməyə başlayıb. Bu, təhlükəsizlik qüvvələrinin 2021-ci ilin yazında istifadə etdiyi təcrübəyə qayıtması anlamına gələ bilər. Həmin zaman Navalnının həbsinə etiraz edənlərin xeyli hissəsi hüquq-mühafizə orqanları tərəfindən kameralar vasitəsilə müəyyən edilib və aksiyadan sonra saxlanılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Agentsvo” nəşri "OVD-İnfo”ya istinadən məlumat
yayıb.
Bildirilir ki, saxlanılan ilk şəxs Moskva sakinidir və o, "Qəhrəmanlara eşq olsun” ifadəsini işlədərkən videoya
düşüb. Təhlükəsizlik qüvvələri onun evinə martın 1-də gəlib, lakin o, şəhərdən kənarda olduğundan, onu yalnız martın 3-də qayıdandan sonra saxlayıblar. Qadın gecəni polis şöbəsində keçirib, qadağan olunmuş simvolların nümayişi maddəsi ilə (İnzibati Məcəllənin 20.3-cü maddəsinin 1-ci hissəsi) min beş yüz rubl cərimə edilib.
Çərşənbə axşamı səhər saatlarında polis digər Moskva sakini Yeqor Komlevi evindən çıxarkən saxlayıb. Onu polis bölməsinə aparıblar, şəklini çəkiblər və pasportunu əlindən alıblar. Onun hansı cinayətdə ittiham olunduğu məlum deyil.
Həmçinin çərşənbə axşamı Ekstremizmə qarşı mübarizə mərkəzinin ("E” mərkəzi) əməkdaşları Moskva sakini Yelena Qribkovanı saxlayıblar. O, martın 1-də Navalnının dəfn mərasimində iştirak edib. Onun ittiham olunduğu cinayət də məlum deyil.
"OVD-İnfo”nun mətbuat katibi Dmitri Anisovun "Agentstvo”ya verdiyi məlumata görə, tendensiya barədə danışmaq hələ tezdir, bununla belə, hətta dəfn günü də xəbərdarlıq edib ki, böyük ehtimalla iştirakçıların təqibi birbaşa mitinqdə həbslərlə məhdudlaşmayacaq. Anisimov qeyd edib ki, Moskvadakı sifətin tanınması sistemi "hər bir insanın yolunu onun evinin girişinə qədər izləməyə imkan verir”.
Polisin etirazlardan sonra həbs etmək praktikasına əl atması ilk dəfə deyil. Anisimov deyir ki, məsələn, 2021-ci il aprelin 21-də Aleksey Navalnıya dəstək aksiyasında iştirak edən moskvalıların əksəriyyəti mitinqdən sonra bir həftə ərzində saxlanılıb. "OVD-İnfo”nun məlumatına görə, fevralın 16-da Navalnının ölümüylə bağlı baş verən aksiyalardan sonra kameralar vasitəsi ilə ən azı 15 nəfər saxlanılıb.
"OVD-İnfo” xəbər verir ki, ümumilikdə Navalnı ilə vida günü Rusiyanın şəhərlərində 113 nəfər saxlanılıb. Dəfn mərasiminin əslində minlərlə insanın etiraz aksiyasına çevrildiyi Moskvada cəmi 17 nəfər saxlanılıb.
Nizami Bağırov