
“Jirinovski kimi bir təlxəyin...”
Sentyabrın 25-ə Rusiyanın Sosial-Demokrat Partiyasinin sədri Vladimir Jirinovski Azərbaycana səfərə gəlib. Milli Məclisdən bildirilib ki, səfər zamanı o, Milli Məclisin sədri Oqtay Əsədovla da görüşəcək. Görüşdə iki ölkə arasında dostluq qruplarının üzvləri də iştirak edəcək. Həmçinin Jirinovski Bayraq meydanına gedəcək, Fəxri xiyabanda, Şəhidlər Xiyabanında olacaq. Onun rusdilli məktəblərə baş çəkəcəyi də gözlənilir.
Qarabağ Azadlıq Təşkilatı (QAT) isə V.Jirinovskinin səfərindən narahat və narazıdır. QAT sədri Akif Nağı Musavat.com-a açıqlamasında bu dəvəti yanlış addım hesab etdiyini bildirib. “Jirinovskini hakimiyyət dəvət edib və məqsədləri də onun fikirlərindən müəyyən məqsədlərlə istifadə etməkdir. Yəni hakimiyyət Jirinovskinin səfərindən və verəcəyi açıqlamalardan istifadə etmək istəyir. Məlum deyim var ki, dövlətlər üçün daimi dost, düşmən yoxdur, daimi maraq var. Amma biz onun Azərbaycana dəvət edilməsinin və gəlməsinin əleyhinəyik. Jirinovski kimi bir təlxəyin fikirlərindən istifadə edib hakimiyyətin hansısa müsbət rəy qazanması lazım deyil, buna ehtiyac yoxdur. Mən bu dəvəti yanlış hesab edirəm. O özü də bilir ki, axmaq fikirlərinə görə Azərbaycanda onu sevmirlər, ona görə yarıgizli şəkildə gəldi”, - deyə QAT sədri qeyd edib.
A.Nağının sözlərinə görə, QAT bu gəlişi əvvəlcədən müzakirə edib və yekdil qərarı da var: “Jirinovski o səviyyədə adam deyil ki, tək onunla bağlı hansısa etiraz aksiyası keçirək. Bu məsələ bir müddət əvvəl QAT-ın İdarə Heyətində yüngülvari müzakirə olunmuşdu. Qərara alınmışdı ki, hansısa etiraz aksiyasına ehtiyac yoxdur, amma üzvlərimiz onun qatıldığı tədbirlərə qatılıb sözünü desin, fikrini bildirsin. Bizim üçün vacib oln dövlətin maraqlarıdır. İstəməzdik ki, dövlətin maraqlarına xələl gəlsin. Amma biz onun hərəkətlərini, görüşlərini, açıqlamalarını diqqətlə izləyəcəyik, aksiyaya ehtiyac olarsa, keçirilməsi gündəmdədir”. QAT sədri Jirinovskiyə qarşı aksiyadan başqa hansısa tədbirlərin keçirilib-keçirilməyəcəyi barədə sualı bu cür cavablandırıb: “Daha nə edək? Öldürək? Əgər onun açıqlamalarında hansısa şəkildə təhqir, aşağılama olacaqsa, dərhal razılaşdırılıb aksiya keçiriləcək”.///musavat.com