Xəbər verdiyimiz kimi, bir həftə öncə ABŞ Prezidenti Co Bayden Yaxın Şərq turnesi çərçivəsində Səudiyyə Ərəbistanında bu ölkənin vəlihəd şahzadə Məhəmməd bin Salmanla görüşüb. Görüşdə əsas müzakirə mövzusu neft məsələsilə bağlı olub. Ağ Ev indiki çətin durumda neftin qiymətinin bahalaşmasının qarşısını almaq üçün Əl-Riyaddan "qara qızıl” hasilatının artırılmasını istəyir.
Lakin maraqlıdır ki, Bayden Salmanla görüşdə 4 il bundan öncə Səudiyyənin İstanbuldakı Konsulluğuna daxil olub, lakin çıxmayan "Washington Post” qəzetinin yazarı Camal Kaşıkçının müəmmalı şəkildə öldürülməsini məsələsini nədənsə qaldırmadı. Halbuki, Bayden adminstrasiyası insan haqları məsələsinə xüsusi önəm verdiklərini bəyan edirdi. Bu müstəvidə də Bayden hakimiyyətə gəldikdən sonra Vaşinqtonla Əl-Riyad arasında münasibətlərdə müəyyən dərəcədə soyuq küləklər də əsmişdi.
Bayden Salmanla görüşdə nədən Kaşıkçı məsələsini qaldırmayıb?
Məsələ barədə Qaynarinfo-ya danışan ASDP sədri Araz Əlizadə ABŞ-ı ikiüzlülükdə ittiham etdi:
"Bu məsələ də müəmmalı olaraq qalır. ABŞ bəyan edir ki, Bayden Salmanla görüşdə Kaşıkçı məsələsini qaldırıb, amma Səudiyyə Ərəbistanı deyir ki, görüş zamanı məsələ qaldırılmayıb. Bu anlaşılmazlıq ona işarədir ki, Ağ Ev rəhbəri əslində məsələni qaldırmayıb. Bayden Əl-Riyada moüzə oxumaq üçün yox, sadəcə neftlə bağlı xahiş üçün gedib. Əl-Riyaddan neft ixracını artırmağı xahiş edib. Ona görə də Bayden Kaşıkçı məsələsini qaldırmaqdan vaz keçib. Bu da onu göstərir ki, ABŞ ikiüzlüdür. Onun üçün prinsipial məsələ yoxdur. Onun bəzi ölkələrdə insan haqlarının pozulmasını iddia etməsi və ölkələri viran qoyması sadəcə bir bəhanə alətidir”.
Rüfət Sultan