Xəbər lenti

İdman 17:40 14.03.2023

"Neftçi”nin baş məşqçisi: “İstər-istəməz həmin təzyiq olmayacaq”

Birinci Divizionda çempionluğa əsas namizədlərdən biri "Neftçi-2”dir. "Araz Naxçıvan”la birincilik uğrunda mübarizə aparan "Neftçi”nin əvəzediciləri, bu istəklərinə çatmaqdan heç də uzaqda deyillər. Digər tərəfdən, bu, əvəzedicilərin Birinci Divizion komandaları ilə birlikdə oynadığı son çempionat olacaq. Çünki növbəti mövsümdən əvəzedicilərin çempionatı ilə Birinci Divizion ayrılıqda keçiriləcək.

"Neftçi-2”nin baş məşqçisi Rəşad Abdullayev Qaynarinfo-ya müsahibəsində komandasının şanslarını dəyərləndirib. O, çempionatların ayrılıqda keçirlməsi fikrinə də münasibət bildirib:

- Ötən gün "Qarabağ-2”ni məğlub etdiniz. Komandanızda ab-hava necədir?

- Ab-hava, ümumi atmosfer yaxşıdır. Xarakterli uşaqlardan ibarət komandamız var. Biz daha çox əsas komanda üçün uşaq yetişdirməklə məşğuluq. "Neftçi” həmişə ön sıralarda olub. Biz də xarakteri nəticəyə çevirmək istəyirik. Şükürlər olsun, hələ ki, yaxşı davam edirik. Heyətimiz gəncdir. Ara-sıra əsas komandadan oyun praktikasından əziyyət çəkən uşaqlar da gəlir. Hazırda işlərimiz pis getmir. 

- Turnir cədvəlinə liderlik edən "Araz Naxçıvan” çempionluğa çox iddialıdır. "Neftçi-2”nin qızıl medal şanslarını necə dəyərləndirirsiniz?

- "Araz-Naxçıvan”ın heyəti çox təcrübəli futbolçulardan ibarətdir. Premyer Liqaya can atırlar. Həm də yaşca bizimkilərdən çox böyükdürlər. Açığı, bu il komandanın qarşısına çempionluq məqsədi qoyulmamışdı. Məqsədimiz yaxşı futbol oynayıb, uşaqlar yetişdirib, layiqli yer tutmaq idi. Çempionluq? Niyə də olmasın. Hələ "Araz Naxçıvan”la qarşıda oyunumuz var. Onları evdə qəbul edəcəyik. Təzyiq altında oynasaq, əzmkarlıq da olacaq. Əzmkarlığın olması gələcəkdə özləri üçün yaxşıdır. 

- Qarşıya daha çox uşaq yetişdirmək məqsədi qoyulduğunu bildirdiniz. Bu mənada vəziyyət necədir?

- Hər dəfə əsas komandanın məşqçiləri ilə müzakirələr aparırıq. Futbolçularımızdan çox istifadə edirlər. Əsas komandanın məşqlərinə qoşulurlar. Əvəzedici komandanın oyunçularının, belə demək mümkünsə, o avtobusa minib-düşməsi elə motivasiyadır. Mən də "Neftçi”də oynamışam. O vaxt əvəzedici heyətin üzvlərinin əsas komanda ilə yemək yeməsi, məşqə çıxması, avtobusa minib-düşməsi, hamısı motivasiya idi. Bu il uşaqlarımız əsas komandaya çox gedib. Elə Ağadadaş Salyanskini nümunə göstərim. Premyer Liqada da oynadı, qol da vurdu. Belə oyunçularımız yenə var. Əsas odur ki, bizim oyunçulardan narazı qalmırlar. Hər dəfə məşqçilər razılıq edir. Aşağıda iş getməsə, əsas komandada problem çıxar. İşlər elə getməlidir ki, bizim komandaya gələndə oyunçular hazır olsun. Eləcə də biz bunu etməyə çalışırıq. Protokollara baxa bilərsiniz, hər oyun 3-4 futbolçumuz əsas komandada olur. Ola bilər az oynasınlar. Amma onların Premyer Liqa oyunlarında ehtiyatda oturması belə bizim üçün yaxşı haldır. Belə olduğunda milli komandalar yığılanda, bizim futbolçular da gedib məşqlərə qoşular. Nəticədə onlar özlərini əsas komandanın üzvü kimi hiss edirlər. Müzakirələr zamanı futbolçuların vəziyyətini dəyərləndirirk. Birinci Divizion təzyiqli liqadır. Həmişə yaxşı mənada istəmişik ki, futbolçuları göndərək əsas komandaya və onlar geri qayıtmasın. Çalışırıq oyunçuların yerdəyişməsi olsun. Hansı mövqeyə oyunçu lazımdırsa, ona uyğun futbolçu göndəririk. Antalya toplanışına da gedənlər olmuşdu. Ümumilikdə mütəmadi olaraq 4-5 futbolçu əsas komandaya gedib-gəlir. 

- "Neftçi”nin əsas komandasının baş məşqçisinin sisteminə uyğunlaşma baxımından çətinlik çəkmirsiniz? Uşaqların əsas komandada az şans qazanması sistemlə bağlı ola bilərmi?

- Sistemlərimiz, demək olar, eynidir. Böyük komandamız kimi biz də 4-lü müdafiə ilə oynayırıq. Keyfiyyət məsələsi var. Əsas komandada oynayanlar fərqli keyfiyyətə malikdir. Uşaqların az şans görməsi sırf təcrübə ilə əlaqədardır. Bu gün istənilən məşqçi olsa, eyni addımı atar. Oyunlar elədir ki, bir səhv hər şeyi məhv edə bilər. "Neftçi”yə qarşı hər rəqib ciddi hazırlaşır. Baş məşqçi də riskə getmək istəmir. Yenə də hesabdan asılı olaraq gənc futbolçular meydana buraxılır. Müasir futbol elədir ki, hətta hesab 2:0 olanda əvəzetmə həyata keçirməyə çəkinirsən. Səhv olsa, həm oyunçu ”yanar”, həm də uduza bilərsən. Bizim liqa elədir ki, uduzsaq, qlobal problem olmaz. Əksinə, uşağı qazana bilərik. Ancaq Premyer Liqada bilirsiniz ki, hər şey nəticə üçündür. Bu, daha vacibdir.

- AFFA növbəti mövsümdən əvəzedicilərin Birinci Diviziondan ayrılması ilə bağlı qərar verdi. Buna münasibətiniz maraqlıdır…

- Maraq baxımından Birinci Divizion çox yaxşıdır. Futbolçular böyük təcrübə qazanır. Neçə illərdir futbolun içindəyəm, əvvəldən əvəzedicilər və Birinci Divizion ayrı olub. Çünki yaş məsələsi var, güc bərabər olmur. Əvəzedicilərin çempionatında isə strategiya tam başqa olur. Sırf futbolçu yetişdirməklə məşğul olurlar. Həm də öz yaşıdları ilə oynayırlar. Maraq baxımından pis deyildi, şəxsən komandamın təzyiq altında oynamağını görürdüm. Onlar üçün böyük təcrübə oldu. Hər ikisinin müsbət tərəfi var. Əvəzedicilərin çempionatı daha çox əsas komandadan gələnlər üçün bərpa xarakteri daşıyacaq, gənclərə üstünlük veriləcək. Əlbəttə, ayrılandan sonra maraq dəyişəcək. İstər-istəməz həmin təzyiq olmayacaq. Ayrı olmasının yaxşı tərəfləri də var. Bilirsən ki, rəqibin də əvəzedici komandadır. Birinci Divizionla birləşəndə də maraqlı çempionat alındı.

- Sırf əvəzedicilərin yarışında "Neftçi” rahat çempion ola bilərmi?

- "Neftçi” həmişə çempionluğa oynayıb. Mən artıq 5-ci ildir bu klubda çalışıram. Məndən də əvvəl komanda yuxarı pillələr uğrunda oynayır. Çünki komandadan həmişə futbolçu çıxır. İndi başqa klubların heyətində də "Neftçi”nin akademiyasından çıxmış futbolçular var. Məncə, çempionluğa rahat oynaya bilərik. Ancaq hələ necə olacağı bilinmir. Hələ bilinmir ki, kim işləyəcək. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->