Xəbər lenti

Neftin qiyməti ticarət müharibəsi və ABŞ-da resessiya qorxusu fonunda düşür
Dünya 12:48 11.03.2025

Neftin qiyməti ticarət müharibəsi və ABŞ-da resessiya qorxusu fonunda düşür

Neftin qiymətləri ikinci gün ardıcıl olaraq enməyə davam edir. Bunun əsas səbəbi ABŞ-da mümkün resessiya, gömrük rüsumlarının qlobal iqtisadi inkişafa təsiri və OPEC+ ölkələrinin hasilatı artırmaq planlarıdır.  

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.  

Brent markalı neft fyuçersləri 6 sent və ya 0,1% ucuzlaşaraq bir barel üçün 69,22 dollar olub. ABŞ-ın West Texas Intermediate (WTI) markalı nefti isə 13 sent və ya 0,2% dəyər itirərək 65,90 dollar səviyyəsinə düşüb.  

ABŞ Prezidenti Donald Trampın proteksionist siyasəti qlobal bazarlarda narahatlıq yaradıb. O, əvvəlcə ABŞ-ın əsas neft tədarükçüləri olan Kanada və Meksikaya gömrük rüsumları tətbiq edib, lakin sonra onları təxirə salıb. Tramp eyni zamanda Çindən idxal edilən mallara rüsumları artırıb. Buna cavab olaraq, Çin və Kanada da öz gömrük rüsumlarını tətbiq edib.  

Həftəsonu Tramp iqtisadiyyat üçün keçid dövrünün mümkün olduğunu bildirsə də, ABŞ-da resessiya ehtimalına dair konkret proqnoz verməkdən yayınıb. Onun gömrük siyasətinə dair açıqlamaları bazarlarda kəskin satış dalğasına səbəb olub.  

ABŞ-ın əsas fond indeksləri bazar ertəsi ciddi itkilərlə üzləşib. S&P 500 indeksi 18 dekabrdan bəri ən böyük birgünlük düşüşü yaşayıb, Nasdaq isə 4,0% dəyər itirib, bu da sentyabr 2022-dən bəri ən böyük faiz itkisi olub.  

Xatırladaq ki, neft qiymətlərinin azalmasının əsas səbəbləri ABŞ-ın idxal rüsumlarının qlobal iqtisadi artıma və yanacağa olan tələbatın azalmasına təsiri, eləcə də OPEC+ ölkələrinin hasilatı artırmaq planlarıdır.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->