Dünya 10:32 06.12.2022

Neftin qiymətinin tavanı səbəbindən tankerlər Türkiyə sularında “tıxacda” qalıb

Rusiya neftinə qarşı sanksiyaların qüvvəyə minməsindən sonra Türkiyə sularında tankerlərin "tıxacı” yaranıb. 

Qaynarinfo xəbər verir ki, "Financial Times” (FT) qəzeti gəmi brokerlərinə və neft treyderlərinə istinadən yazır ki, Ankara onlardan sığortanı təsdiq etməyi tələb edir.

Ümumilikdə təxminən 19 xam neft tankeri Rusiyanın Qara dəniz limanlarını beynəlxalq bazarlarla birləşdirən Bosfor və Dardanel boğazlarının yaxınlığında lövbər salıb Türkiyə sularından keçmək üçün icazə gözləyirlər. "Tıxac” Ankaranın tankerlərdən sığorta təsdiqini tələb etməsi səbəbindən yaranıb. Gəmi brokerinin dediyinə görə, ilk tanker noyabrın 29-da gəlib və altı gündür ki, icazə gözləyir.

Bazar ertəsi, dekabrın 5-də Rusiya neftinə qarşı sanksiyalar qüvvəyə minib. Məhdudiyyətlərə əsasən, tankerlərə bir barel üçün 60 dollardan yüksək qiymətə Rusiya neftini yükləmək qadağandır. Qanunu pozanlar dəniz nəqliyyatı ilə bağlı xidmətlərdən, o cümlədən dəniz sığortası və ticarətin maliyyələşdirilməsindən məhrum olacaqlar.

Belə "tıxac”, qiymət məhdudiyyətlərinin təkcə Rusiya ixracı üçün deyil, qlobal neft axınlarını poza biləcəyinin ilk əlamətidir. Gəmi brokerlərinin və TankerTrackers.com xidmətinin məlumatına görə, Türkiyə sahillərində gəmilərdəki neftin böyük hissəsi qazax mənşəlidir. Qazaxıstan nefti Rusiya limanlarına boru kəməri ilə daxil olur və Qərbin sanksiyalarına düşmür.

Dörd neft sənayesi meneceri FT-yə bildiriblər ki, Türkiyə sanksiyaların qüvvəyə minməsi ilə əlaqədar sığortanın mövcudluğunu tələb edib. Ankara Türkiyə boğazlarından keçən bütün tankerlərdən Beynəlxalq Gəmi Sahibləri Qarşılıqlı Sığorta Klubları Qrupundan (P&I Clubs) neft sızması və toqquşma halında sığorta təminatının qüvvədə olacağına dair təsdiqi təqdim etmələrini xahiş edib.

Eyni zamanda P&I bildirib ki, Türkiyənin tələbi ümumiyyətlə tələb olunan ümumi məlumatlardan çox "kənara çıxıb". Qrupun baş icraçı direktoru Nik Şou qəzetə bildirib ki, klub "vəziyyəti həll etmək üçün müvafiq orqanlarla konstruktiv müzakirələr aparır".

Nizami Bağırov