Bu ilin 1-ci rübündə Dövlət Neft Fondu (ARDNF) “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun işlənməsi layihəsi çərçivəsində 2 milyard 65 milyon dollar gəlir əldə edib. Bu barədə fins.az-a ARDNF-dən məlumat verilib.
Məlumata görə, Fondun “Şahdəniz” qaz yatağının işlənməsindən rüblük gəliri isə təxminən 80 milyon dollar olub. Gəlilrlərin əsasən neft-qaz satışı hesabına formalaşdığını nəzərə alsaq (2014-cü ildə bu nisbət 96,8% olub), ARDNF-in rüblük gəlirinin təxminən 2,2 milyard dollar olduğunu deyə bilərik.
Xatırladaq ki, Fondun bu il yanvarın 19-da, neftin qiymətinin 90 dollar olması şərti ilə təsdiq edilmiş 2015-ci il büdcəsində qurumun gəlirləri 10 milyard 246,6 milyon manat müəyyən edilib. Azərbaycanda ABŞ dollarının köhnə məzənnəsi ilə bu, təxminən 13,1 milyard dollar deməkdir. Yəni, ARDNF ilin ilk 3 ayı ərzində 3,2-3,3 milyard dollar gəlir əldə etməli idi. Görünən isə odur ki, Fondun rüblük gəlirləri təxminən 1 milyard dollar az olub. Yəni, dünya bazarında Azərbaycan nefti nəzərdə tutulandan 30-40% ucuz satıldığı üçün ARDNF-in də gəlirləri də proqnozlaşdırılan məbləğin 2/3 hissəsi qədər olub.
Fondun dollarla gəlirlərinin məbləği məlum olsa da, bu gəlirlərin manatla nə qədər etdiyi hələ ki, açıqlanmayıb. Amma çox güman ki, 1 dolların 1,05 manata qədər bahalaşdırılması hesabına ARDNF-in gəlirlə bağlı rüblük proqnozuna (2 milyard 561,7 milyon manat) təxminən 80% əməl etmək mümkün olacaq.
Azərbaycanda dolların məzənnəsinin dəyişməsi bu il, fevralın 21-də baş verib. Yəni, rübün təxminən 50 günü ərzində köhnə məzənnə (0,785 manat), 40 günündə isə yeni məzənnə (1,05 manat) qüvvədə olub. Deməli, 2,2 milyard dolların təxminən təxminən 1,2 milyard dolları Fonda 950 milyon manat kimi, 1 milyard dolları isə 1 milyard 50 milyon manat kimi daxil olub. Yəni, manatla gəlirlər təxminən 2 milyard manat təşkil edib. Bu isə, nəzərdə tutulandan təxminən 20% azdır.
Qaynar.info