
Cənubi Afrika Respublikasının sabiq prezidenti Nelson Mandelanın səhhəti kəskin şəkildə pisləşib. Bu barədə "Associated Press" agentliyi CAR-ın hazırki prezidentinin nümayəndəsi Mak Maharaca istinadən xəbər verir. "Hələ də paytaxt Pretoriyada xəstəxanada olan Nelson Mandelanın vəziyyəti ağırlaşıb" - rəsmi mənbə belə deyib.
Xatırladaq ki, 94 yaşlı Nelson Mandela iyunun əvvəllərində ağciyər infeksiyasının residivi ilə xəstəxanaya yerləşdirilmişdi. Yerli kütləvi-informasiya vasitələrinin məlumatına görə, bu müddət ərzində sabiq preizdentin ürək fəaliyyəti bir dəfə dayanıb və həkimlər onu reanimasiya şöbəsinə yerləşdirməli olublar.
Qeyd edək ki, 1994-cü ildən 1999-cu ilədək Cənubi Afrika Respublikasına rəhbərlik etmiş Nelson Mandela ölkənin ilk qaradərili prezidentidir. İrqi ayrıseçkiliyə qarşı mübarizəsinə görə 27 il həbsdə olan Nelson Mandela 1993-cü ildə Nobel Sülh Mükafatına layiq görülüb. // musavat.com