Xəbər lenti

Nəsimi Paşayev: "Köhnə stansiyalarda əlillər üçün şərait yaratmaq mümkün deyil"
Ölkə11:30 01.05.2018

Nəsimi Paşayev: "Köhnə stansiyalarda əlillər üçün şərait yaratmaq mümkün deyil"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən günlərdə "Bakı Metropoliteni" QSC-dən yeni qatarların gətirilməsi ilə bağlı məlumat verildi.
Yeni atarlarda fiziki qüsurlu şəxslər üçün yerlər ayrılıb. Lakin metroların giriş və çıxışlarında fiziki imkanları məhdud insanlar üçün yerlərin olmaması heç birimizə sirr deyil. Onların qatara qədər gedəcəyi yolda hansı "üsul”lardan istifadə etməli olduğu hər kəsi maraqlandırdığından bu sualı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevə ünvanladıq. 
- Metronun giriş və çıxışlarında fiziki məhdudiyyətli şəxslər üçün heç bir şərait olmadığı halda, qatarlarda əlil arabalarına yer ayrılması nə dərəcədə doğrudur? 
- Məsələ belədir ki, o qatarlar sırf bizim ölkə üçün nəzərdə tutulmayıb. Yəni, Fransadan gətirilən bu qatarlar dünya standartlarına uyğun istehsal olunub. Bizim stansiyaların böyük əksəriyyəti isə Sovet dövründə tikildiyindən fiziki qüsurlu şəxslərin imkanları nəzərə alınmayıb. İndi isə həmin stansiyalarda bu şəraiti yaratmaq mümkünsüzdü. Məsələn, tutaq ki, biz metronun Gənclik stansiyasında həmin o pandusları qoyduq. Metroya minən şəxs Elmlər Akademiyası stansiyasından necə çıxacaq? Çünki o stansiya çox dərin və köhnə olduğundan nə panduslar qoymaq, nə də hər hansı lift quraşdırmaq mümkün deyil. Standartlara əsasən isə əgər bir stansiyada həmin şəraiti yaratmaq olmursa, biz onu heç bir stansiyada qurmamalıyıq. 
- Gələcəkdə tikiləcək stansiyalarda necə? Fiziki məhdudiyyətli şəxslər üçün şərait yaradılması nəzərdə tutulurmu? 
- Bəli, artıq 2016-cı ildə tikilən Avtovağzal və Memar Əcəmi stansiyalarında fiziki imkanları məhdud şəxslər üçün liftlər quraşdırılıb. Amma bu bənövşəyi xəttin bundan sonra tikiləcək stansiyaları üçün mümkündür. Bu vaxta qədər mövcud olan yaşıl və qırmızı xətt stansiyalarında isə bu kimi əsaslı işlər görülə bilməz. Hazırda tikilməkdə olan Ceyhun Səlimov küçəsindəki bənövşəyi xəttin yeni stansiyasında da 3 ədəd lift quraşdırılması nəzərdə tutulub. 
Nərmin Həsənli