İdman 13:25 17.08.2023

Neymar: "Hamı Ronaldoya "dəli" deyirdi"

Bir neçə gün öncə Səudiyyə Ərəbistanı təmsilçisi "Al Hilal"la müqavilə imzalayan Neymar yeni komandasındakı hədəflərindən danışıb.

Qaynarinfo-nun məlumatına görə, Neymar "Al-Nassr"la müqavilə imzalayan Kriştiano Ronaldondan sonra bir çox məşhur futbolçunun Səudiyyə Ərəbistanına getdiyini və liqanın rəqabət səviyyəsinin artdığını bildirib:

"Ronaldo Səudiyyə Ərəbistanına gedəndə hamı ona "dəli" deyirdi. Siz də belə edə bilərsiniz. Onun böyüməsini görürəm. Hərəkətlərdən sonra liqanın rəqabət səviyyəsi artacaq. Bu liqanın böyüməsinə kömək etmək istəyirəm. Klubum və komanda yoldaşlarımla hədəflərə çatmaq, çempionluqlar qazanmaq və yeni bir hekayə yazmaq istəyirəm. Bu səbəbdən çox həyəcanlıyam".

"Al Hilal" bu transfer üçün PSJ-yə 80 milyon avro ödəyəcək. Müqavilədə oyunçunun performansına əsaslanan bəndlər yerinə yetirildiyi təqdirdə əlavə ödənişlər də nəzərdə tutulub. Neymar iki il ərzində "Al Hilal"da 300 milyon avro qazanacaq. Bu xərcin reklam və sponsorluq gəlirləri ilə birlikdə 400 milyon avroya qədər artacağı gözlənilir.

2017-ci ildə "Barselona"dan PSJ-yə rekord qiymətə - 222 milyon avroya keçən Neymar Fransa təmsilçisinin heyətində 173 oyunda 118 qol, 77 məhsuldar ötürmə ilə yadda qalıb.
 
31 yaşlı futbolçu Braziliya millisinin heyətində 124 matçda 77 dəfə rəqib qapısının torunu silkələyib.

Səbuhi Həsənov