Xəbər lenti

Niderland öz müstəmləkə keçmişinə münasibətini dəyişir: Kral üzr istədi, indi isə...
Dünya13:19 07.07.2023

Niderland öz müstəmləkə keçmişinə münasibətini dəyişir: Kral üzr istədi, indi isə...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Niderland müstəmləkə dövründə çıxarılan yüzlərlə qiymətli artefaktı İndoneziya və Şri-Lankaya qaytaracaq. 
Qaynarinfo xəbər verir ki, bu barədə cümə axşamı Niderlandın mədəniyyət naziri məlumat verib.
Mədəniyyət naziri Günay Uslu Niderland hökumətinin müstəmləkələrdən götürülən mədəni sərvətlərlə bağlı məsələni araşdıran xüsusi komitənin tövsiyələrindən sonra bu qərarı verdiyini açıqlayıb.
2020-ci ildə açıqlanan hesabatda komitə hökuməti keçmiş Niderland müstəmləkələrinə müsadirə edilmiş qiymətliləri, əgər bu ölkələr istəsələr, onlara verməyə çağırıb.
"Niderland öz müstəmləkə keçmişinə görə məsuliyyət daşımalı, ədalətin tanınması və bərpasını müstəmləkə kolleksiyalarına [sənət, artefakt] siyasətin əsas prinsipinə çevirməlidir”, - hesabatda deyilir.
"İlk dəfə olaraq Niderlandda olmamalı olan əşyaları geri qaytarırıq, - nazir Uslu bildirib. - Ancaq biz sadəcə əşyaları qaytarmırıq. Biz həqiqətən İndoneziya və Şri-Lanka ilə daha intensiv əməkdaşlıq edəcəyimiz dövrün başlanğıcını qoyuruq”.
Niderlandın qaytaracağı qiymətli əşyalar arasında "Lombok xəzinələri" adlanan əşyalar - 1894-cü ildə İndoneziyanın Lombok adasındakı kral sarayında holland hərbçiləri tərəfindən ələ keçirilmiş külli miqdarda qiymətli daşlar, qızıl və gümüşlər də var. 
Şri-Lanka həmçinin qiymətli daşlarla zəngin şəkildə bəzədilmiş, hazırda Amsterdamın Rijksmuseum – Dövlət muzeyində nümayiş etdirilən 17-ci əsrə aid bürünc top alacaq. Tarixçilərin fikrincə, bu top, yerli bir zadəgan tərəfindən Kandi monarxına hədiyyə edilib. Kandi Krallığı müstəmləkəçilikdən əvvəl Şri-Lanka adasının bir hissəsində müstəqil dövlət olub.
1765-ci ildə hollandlar onu ələ keçiriblər (və yarım əsr sonra Şri-Lankanı ingilislərə təslim ediblər).
Son illərdə Niderland öz müstəmləkə keçmişinə münasibətini rəsmən yenidən nəzərdən keçirməyə başlayıb.
Keçən həftə Kral Villem-Aleksander Hollandiyanın qul ticarətində iştirakına görə publik şəkildə üzr istəyib.
Digər Avropa ölkələri, xüsusilə İngiltərə və Almaniya da daşınan qiymətli əşyaların keçmiş müstəmləkələrə qaytarılması prosesinə tədricən başlayır.
Nizami Bağırov