Niger Silahlı Qüvvələri ölkədə qan tökülməsinin qarşısını almaq üçün prezident sarayını ələ keçirən Prezident Qvardiyasını dəstəklədiyini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, orduadan verilən yazılı açıqlamada, təhlükəsizlik qüvvələrinin müxtəlif üzvləri arasında qan tökülməsinin qarşısını almaq və prezident Məhəmməd Bazumu və ailəsinin təhlükəsizliyini təmin etmək üçün çevriliş bəyannaməsini dəstəkləməyə qərar verdikləri bildirilib.
Xarici işlər naziri Hassoumi Massaoudou isə səhər saatlarında verdiyi açıqlamada hadisənin hələ də çevriliş cəhdi olduğunu və nəticələnmədiyini bildirib, Niger xalqını bu cəhdə qarşı çıxmağa dəvət edib.
Prezident Bazum "Twitter"də "Çətinliklə əldə edilən qazanclar qorunub saxlanılacaq və demokratiya və azadlıq istəyən bütün nigerlilər bunu görəcəklər", yazıb.
Bazumun çevrilişə cəhd edən Prezident Qvardiyasının üzvlərinə qarşı ordu qüvvələrinin dəstəyini gözlədiyi, lakin ordunun buna razı olmadığı iddia edilib.
Qərbi Afrika Dövlətləri İqtisadi Birliyi (ECOWAS) adından vasitəçi təyin edilən Benin prezidenti Patris Talonun gün ərzində hər iki qrupla görüşü gözlənilir.
Qeyd edək ki, Bazum dünən səhər saatlarında Prezident Qvardiyası üzvləri tərəfindən saxlanılıb. Xalq çevrilişin qarşısını almaq üçün küçələrə çıxıb və Bazumun azadlığa buraxılması üçün etiraz aksiyası keçirib.
Çevrilişin arxasında 10 ilə yaxın Prezident Qvardiyasının komandiri vəzifəsində çalışmış general Ömər Çianinin olduğu bildirilir.
Özlərini "Vətənin Mühafizəsi üzrə Milli Şura (VVŞ)” adlandıran bir qrup əsgər dünən axşam dövlət televiziyasında çevriliş bəyanatı oxuyub və sarayı ələ keçirdiklərini bildiriblər.
Aydın