Xəbər lenti

Nuland: "ABŞ-ın məqsədi Putinin strateji məğlubiyyətidir" (MÜSAHİBƏ)
Dünya12:37 01.05.2022

Nuland: "ABŞ-ın məqsədi Putinin strateji məğlubiyyətidir" (MÜSAHİBƏ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Viktoriya Nuland ən yüksək səviyyəli ABŞ diplomatlarından biridir. O, 2013-cü ildən ABŞ dövlət katibinin müavini vəzifəsində çalışır və hazırda ABŞ-ın Ukrayna və Rusiya ilə bağlı xarici siyasətinin həyata keçirilməsində aparıcı rol oynayır. 
Onunla Rusiya-Ukrayna müharibəsi və ABŞ-ın bu müharibədəki məqsədləri barədə "RBC Ukraina” və "Meduza”nın müxbirləri ayrı-ayrılıqda söhbət ediblər. Hər iki müsahibənin ən maraqlı hissələrinin tərcüməsini sizlərə təqdim edirik. 
- İlk sualım ABŞ-nın Ukraynaya ikipartiyalı dəstəyi haqqındadır. Görünür, Nümayəndələr Palatası artıq 417 lehinə, 10 əleyhinə səslə Lend-liz qanununu qəbul etməklə bu suala cavab verib. (Meduza)
- Biz çox şadıq ki, bu mövzu bütün Amerikanı narahat edir. Bu mövzu həqiqətən də iki partiyanı birləşdirdi və prezident Konqresdən Ukraynaya humanitar proqramların maliyyələşdirilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi və bu müharibənin yaratdığı digər problemlərin həlli üçün daha 33 milyard dollar büdcə dəstəyi istədi. Biz Konqresin dəstəyini görürük, bu, Rusiyanın təcavüzünə müqavimət göstərən cəsur Ukrayna xalqına yardım etmək istəyində amerikalıların birliyini əks etdirir.
"Məqsədimiz müharibənin Putin üçün strateji məğlubiyyətlə başa çatmasıdr. İstəyirik ki, bu hərbi macəra ona və onun rejiminə hədsiz baha başa gəlsin"
- Hazırda ABŞ rəhbərliyinin Ukrayna ilə bağlı əsas vəzifələri hansılardır? (Meduza)
- Bizim məqsədimiz Vladimir Putin üçün bu müharibənin strateji məğlubiyyətlə başa çatmasını təmin etməkdir. İstəyirik ki, bu hərbi macəra ona və onun rejiminə hədsiz baha başa gəlsin. Və təbii ki, biz Ukraynanın nəinki ayaqda qalmasını, həm də Avropa və rus xalqları ilə mehriban qonşuluq münasibətlərini möhkəmləndirən demokratik, müstəqil dövlət kimi çiçəklənməsini istəyirik.
Ruslar da bu müharibənin onlara gətirdiyi bütün əzablara layiq deyillər: evlərə gələn tabutlar, iqtisadi sanksiyaların nəticələri. Amma bütün bunların səbəbi yalnız Putinin bütün gücünü Rusiyanın özünün və iqtisadiyyatının güclənməsinə sərf etmək əvəzinə, Ukraynada müharibəyə başlamaq qərarıdır.
"Bütün bunlar böyük rus xalqı və Rusiyanın reputasiyası üçün rüsvayçılıqdır. Və bunun məsuliyyəti yalnız Putinin üzərindədir"
- Lend-liz haqqında qanunun qəbulundan əvvəl də Putin və onun ətrafı, eləcə də Kremlə sadiq KİV-lər Rusiyanın əsl rəqibinin Ukrayna deyil, ABŞ və NATO olduğunu dəfələrlə bildiriblər. Şübhəsiz ki, indi bu fikir onlarda daha da güclənib. Bəs Putin artıq ABŞ-la müharibədə olduğuna inanırsa, amerikalıların birbaşa müharibəyə qoşulmasına nə mane olur? (Meduza)
- Putinin psixologiyası belə işləyir. O, tarixin bu versiyasını rus xalqına belə təqdim edir ki, müharibəyə xərclənən bütün vəsaitləri, müharibədə itirilən bütün insanları, rus ordusunun böyük hərbi texnika itkilərini əsaslandırsın. Bütün bu itkilərin öz imperialist ambisiyalarını Ukrayna hesabına təmin etməkdən başqa məqsədi yoxdur.
Bildiyiniz kimi, artıq neçə aydır ki, biz bu müharibəyə hazırlığı müşahidə etməyə başlayandan ABŞ NATO müttəfiqləri ilə birlikdə Rusiyaya münaqişənin diplomatiya yolu ilə həllini təklif edir. Biz, o zaman Putinin öz təhlükəsizliyi üçün bir qədər paranoyik narahatlığı olduğunu düşündüyümüzdən, Rusiya tərəfinə çox ətraflı 10 səhifəlik təklif təqdim etmişdik. Məsələn, ABŞ heç vaxt Ukraynada uzaqmənzilli raketlər yerləşdirmək niyyətində deyildi, lakin biz bunu və daha çox məsələləri müzakirə etməyə hazır idik.
Lakin Putin danışıqlar masasına qayıtmaq əvəzinə müharibəyə başladı. O, hər an bu münaqişənin diplomatik yolla həllini təzələyə bilər, amma bunun əvəzində o, gündəlik çox saylı rus gəncinin ölümünü, ukraynalıların qətliamını və rus ordusu tərəfindən artıq Buça və Mariupolda gördüyümüz çox saylı vəhşilikləri seçir.
Bütün bunlar böyük rus xalqı və Rusiyanın reputasiyası üçün rüsvayçılıqdır. Və bunun məsuliyyəti yalnız Putinin üzərindədir. Biz burada hər hansı bir məsuliyyət daşımırıq. Amma təbii ki, biz bu müharibənin günahsız qurbanlarını qorumağa hazırıq. Biz ukraynalılara öz müstəqil dövlətlərini qurmağa kömək etməyə hazırıq. Putin isə hətta soyuq müharibənin bitməsindən 30 il sonra da Ukraynanın ümumiyyətlə mövcud olmağa haqqı olmadığını iddia edir.
- ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib ki, Qərb ölkələri Ukraynanı dəstəkləmək üçün "göyü və yeri tərpətməyə davam edəcək”. Bu o deməkdirmi ki, indi Ukraynaya müxtəlif hərbi yardımların göstərilməsi üçün heç bir maneə yoxdur? Yoxsa, bəzi silahlar hələ də qeyri-rəsmi qadağa altındadır? (RBK Ukraina)
- Silah heç vaxt qadağa altında olmayıb. Söhbət daha çox rasionallıqdan, müəyyən növ silahların Ukraynaya çatdırılmasının mümkünlüyündən, onlardan istifadə imkanlarının təmin edilməsindən gedirdi.
Düşünürəm ki, siz Kiyevi azad edəndən sonra bu müharibə dəyişib və indi biz rusların Şərqdə necə cəmləşdiyini görürük. Hazırda fərqli silahlar lazımdır - daha az "Javelin” və daha çox haubitsa, MLRS sistemləri, pilotsuz uçuş aparatları.
Sizin üçün yaxşı partnyor olmaqla, bizim aşağıdakıları etməyə çalışırıq: təchiz etdiklərimizi tənzimləmək və Ukraynanın nəyə ehtiyacı olduğunu, harada mövcud və istehsal olunduğunu tapmaqdır. Müdafiə naziri Ostin və Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəisi Milli Almaniyada müharibənin bu mərhələsində indi ehtiyacınız olanı tapmaq üçün 30+ ölkə ilə konfrans keçiriblər. Və dediyim kimi, getdikcə daha çox ölkə çağırışa cavab verir.
"Bizim üçün ən vacibi indi sizə lazım olanı təmin etmək, 6 ay və ya 1 il ərzində deyil, tez biz zamanada istifadə etməyə başlaya biləcəyiniz silahların istifadəsinə hazırlamaqdır"
- Bəs yaxın gələcəkdə konkret hansı silahların tədarükünü gözləmək olar? Bəzi döyüş təyyarələri və malik olduğunuz "Patriot” hava hücumundan müdafiə sistemləri haqqında danışa bilərikmi? Çünki Ukrayna hökuməti məhz bu tip silahlar üçün sorğular verir. (RBK Ukraina)
- Biz Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təmin edirik, həmçinin öz təyyarə təmiri ehtiyaclarınızı da ödəməyə yardım edirik.
Biz, həmçinin Almaniyaya gələ bilən ukraynalılara təlim keçirik. Polşalılar, bəzi Baltikyanı ölkələr və Böyük Britaniya da yeni silah sistemləri, NATO standartları üzrə təlim keçirməyə başlayıblar.
Lakin "Patriot” kimi sistemlərin təlimi 6 ay çəkir. Deməli, indi bu müharibədə qalib gəlmək üçün bu sistemlər səmərəli hesab edilmir. Artıq mövcud olan hava hücumundan müdafiə vasitələrini təmir etməyə yardım etmək və Ukrayna ordusunun artıq istifadə edə biləcəyi hava hücumundan müdafiə vasitələri əldə etmək daha yaxşıdır.
Haubitsa kimi silahlar var ki, onların bizdə olan sovet döyüş sursatları tükənmək üzrədir. Ona görə də indi biz ukraynalılara NATO standartlarına uyğun haubitsalarda təlim keçə bilərik ki, bunu da bir neçə gün ərzində həll etmək olar. Beləliklə, bu kontekstdə belə işlər daha səmərəlidir.
Bu səbəbdən də bizim üçün ən vacibi indi sizə lazım olanı təmin etmək, 6 ay və ya 1 il ərzində deyil, tez biz zamanada istifadə etməyə başlaya biləcəyiniz silahların istifadəsinə hazırlamaqdır.
"Putin bu müharibədə o qədər əsgər, hərbi texnika itirdiyindən sonsuza qədər belə davam edə bilməz"
- Mən artıq kifayət qədər tez-tez, hətta Putinə və ya Kremlə həddindən artıq simpatiyası olmayan insanlardan belə bir fikir eşidirəm ki, Putin artıq heç bir şəraitdə dayanmağa hazır olmadığından Ukraynaya yeni silah tədarükü yalnız müharibəni və bununla da ukraynalıların iztirablarını uzadır. (Meduza)
- Bu məntiq sizi hara aparır? Ukrayna sadəcə əllərini qaldırıb deməlidir ki, bizim ölkəmizi, suverenliyimizi təslim edirik? Onlar Putinin Rusiyasına bənzəyən ölkədə yaşamaq istəmirlər. Müstəqil olmaq, sərhədlərini qorumaq istəyirlər, onların belə hüququ var.
Nə qədər ki, ukraynalılar bunun üçün döyüşməyə hazırdırlar, biz də onların müdafiəsinə yardım etməyə hazırıq. Amma bunun əksi də doğrudur. Biz onu da anlayırıq ki, Putin bu müharibədə o qədər əsgər, hərbi texnika itirdiyindən sonsuza qədər belə davam edə bilməz.
Biz də inanmırıq ki, rus xalqı onların başına gələn çətinliklərə əbədi dözməyə hazır olsun. Ona görə də biz ukraynalılara yardımımızı davam edəcəyik. Ya Putin, ya da rus xalqı gec-tez özünə gələcək.
"Putin səmimi olmaq istəmirsə və əvvəlki kimi Ukraynanın təslim olmasında israr etməkdə davam edərsə..."
- Sizcə, bu müharibənin nəticəsi döyüş meydanında həll olunacaq, yoxsa danışıqlar masasında? (RBC Ukraina)
- Aydındır ki, əgər Putin səmimi şəkildə danışıqlar masasına oturmaq istəsəydi, istədiyi an, hətta bu gecə belə, atəşkəs elan edə bilərdi, biz də masa arxasında danışıqlar apara bilərdik. Bu, düzgün, layiqli və mənəvi addım olardı. Və ya danışıqlardan tamamilə imtina etmək. Deməli, bu onun əlindədir. Və biz istərdik ki, bu müharibə diplomatik yolla həllin tapsın.
Amma əgər Putin səmimi olmaq istəmirsə və əvvəlki kimi Ukraynanın təslim olmasında israr etməkdə davam edərsə, o zaman ukraynalılar bu mübarizəni davam etdirəcəklər və biz bu mübarizədə qalib gələnə qədər sizə kömək etməyə davam edəcəyik.
- Sizcə, Putin nə dərəcədə rasional hərəkət edir? O, bu müharibədən simasını xilas etməyə imkan verəcək bir çıxış yolu axtarırmı? (Meduza)
- Onun çıxış yolu tapmağa çalışdığına dair heç bir əlamət görmürük. Rusiyanın danışıqlarda mövqeyi total sinizmdir. Onlar Ukraynanın tam təslim olmasında israrlıdırlar və danışıqlar zamanı onun generalları Ukrayna şəhərlərini bombalayır, Mariupolu mühasirəyə alırlar. Qohumlarının öldürüldüyü blokadadan qısa müddət sonra Leninqradda doğulmuş bir adam, mülki əhalinin olduğu bir şəhərin hərbi mühasirəyə alınmasının nə demək olduğunu başa düşməyə bilməz.
- O zaman danışıqların mənası nədir? (Meduza)
- Əgər o, müharibəni bitirməyə hazır deyilsə, atəşkəs elan etsin, ukraynalılar heç olmasa Rusiyanın diplomatik həll yolunu vicdanla riayət etməyə hazır olduğunu görərək, danışıqlar masasına qayıdacaqlar. Əvəzində müharibə davam edir, o, Ukraynanın tam təslim olmasından başqa heç nə ilə razı deyil və mülki əhalinin Mariupoldan çıxarılmasına belə imkan vermir. Amma o, hər şeyi bir dəqiqəyə dayandıra bilərdi. Bu, Rusiyanın özü üçün daha yaxşı olacaq, mən heç Ukrayna və dünyanın qalan hissəsini demirəm.
"Biz Ukraynanın qalib gələ biləcəyinə və qazanacağına inanırıq və bunun daha tez baş verəcəyinə ümid edirik"
- Bu nə qədər davam edə bilər? Razısınızmı ki, bu müharibə illərlə davam edə bilər? (RBC Ukraina)
- Ukraynanın necə inanılmaz cəsarətlə döyüşdüyünü və itkilər verdiyini görürük, lakin Rusiya tərəfinin ölən və yaralananlar arasında böyük itkilər verdiyini də görürük.
Onların məhv edilmiş texnikasını görürük. Putinin əvəz edə bilməyəcəyi çox sayda tankları, müasir sistemləri, aviasiyanı, silahları necə məhv edildiyini görürük, çünki bu işdə ona heç kim kömək etmir və ona bu dəhşətli, şər, qəddar, amansız, əxlaqsız müharibədə döyüşməyə hazır olan rus gəncləri yoxdur...
Buna görə də, bilirsiniz ki, biz Ukraynanın qalib gələ biləcəyinə və qazanacağına inanırıq və bunun daha tez baş verəcəyinə ümid edirik, ona görə də sizə lazım olanı mümkün qədər tez təmin etməyə çalışırıq.
"Biz həm də rusların həqiqətən Ukrayna ərazilərini tərk edikləri halda buna uyğun sanksiyaların bir qədər yumşaldılması barədə danışmışıq"

- Ukrayna hakimiyyəti Qərb tərəfdaşlarından görmək istədikləri bir sıra təhlükəsizlik təminatlarını açıqlayıb, xüsusən də silahların sürətlə tədarükü, təcavüzkara qarşı sanksiyalar və hətta ola bilsin ki, hərbi kontingentin göndərilməsini. ABŞ bu siyahıdan hansıları təmin etməyə hazırdır? Və davam edən danışıqların nəticəsini hansı müddətdə görə biləcəyik? Danışıqlar günlər, həftələr və ya aylar davam edəcək? (RBK)
- Düşünürəm ki, biz artıq prezident Zelenski ilə bu məsələni aydınlaşdırmışıq, prezident Bayden bunu artıq edib. Nazir Ostin və katib Blinken Pasxa günü Kiyevdə olan zaman bildiriblər ki, biz, bu müharibə bitəndən sonra milli təhlükəsizlik baxımından Ukraynanın çox güclü qalmasını təmin etmək üçün daimi səviyyədə yüksək dəstək, təhlükəsizlik yardımı, təlim və kəşfiyyat sahəsində lazım olanı verməyə hazırıq. Ona görə də Putin yenidən buna cəhd etsə, iki dəfə düşünməli olacaq.
Biz həm də rusların həqiqətən Ukrayna ərazilərini tərk edikləri halda buna uyğun sanksiyaların bir qədər yumşaldılması barədə danışmışıq. Amma biz həm də bu sanksiyaları geri qaytarmağa, Putin geri dönərsə və ya qayıtmaqla hədələsə, onları yenidən tətbiq etməyə hazır olmalıyıq.
Ortalıqda belə bir açıq sual var ki, hər hansı geri çəkilmə razılaşmasına nəzarət etmək və sərhədlər boyu təhlükəsizliyi təmin etmək məqsədilə Ukrayna bəzi beynəlxalq sülhməramlıların yerləşdirilməsni istəyəcəkmi? Buna görə də, Ukrayna bu müharibədə qalib gələndə, bunun bir daha təkrarlanmamasını təmin etmək üçün hər şey haqqında danışmağa hazırıq.
- ABŞ, məsələn, Rusiya dövlət televiziyasında az qala hər gün səslənən nüvə müharibəsi təhdidlərinə nə dərəcədə ciddi yanaşır? (Meduza)
- Bu, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan ölkə üçün olduqca məsuliyyətsiz davranışdır. Allah eləməsin ki, Putin və ya onun generalları həqiqətən belə bir qərar verməyə hazır olsunlar.
Təəssüf ki, bu münaqişə başlayandan Putindən gələn təhdidlərə ciddi yanaşmaq lazım olduğunu anlayırq. Ona görə də ABŞ və müttəfiqlərimiz hadisələrin belə inkişafına hazırlaşır. Ancaq bu, nə onun, nə də Rusiyanın heç vaxt nəticələrini aradan qaldıra bilməyəcəyi miqyasda hərbi cinayət olacaq. Ən azı bizim dövrümüzdə. 
Tərcümə: Nizami Bağırov