Nümayəndələr Palatasının spikeri Mayk Conson hesab edir ki, Ukraynaya Amerika silahlarından istifadə etmək üçün hazırkı "qismən icazə” yanaşması düzgün deyil və Ağ Evlə əlaqədə bu məsələni qaldırmağı planlaşdırır.
Qaynarinfo xəbər verir ki, bu barədə Conson "Amerikanın Səsi”nə açıqlamasında
deyib.
Conson Ağ Evin "mikro idarəetmə" ilə məşğul olmamalı olduğunu və bu məsələni Bayden administrasiyası ilə dialoqda qaldıracağını söyləyib.
"Düşünmürəm ki, biz Ukraynadakı müharibə səylərini mikro idarə etməliyik. Düşünürəm ki, onlara özlərini müdafiə etmək və ruslara qarşı döyüşmək üçün lazım olan silahları verməliyik. Bu barədə prezidentlə razı deyiləm. Bu barədə artıq danışmışam və bunu bir daha deyəcəyəm, bu barədə Ağ Evlə danışıqlar aparacağıq”, - deyə Conson bildirib.
Günün əvvəlində Nümayəndələr Palatasının Demokratlar Partiyasının liderləri də ABŞ-ın Rusiyaya qarşı silah istifadəsinə dair bütün məhdudiyyətlərin aradan qaldırılacağına ümid etdiklərini bildiriblər.
Bundan əvvəl Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri, respublikaçı konqresmen Maykl Makkol bildirib ki, Amerika administrasiyasının məntiqi Ukraynanın ABŞ-ın təmin etdiyi şeylərdən səmərəli istifadə etməsini çətinləşdirir.
"Biz bu pulu Ukraynanı silahlandırmaq məqsədi ilə ayırdıq ki, onlar bu müharibədə qalib gəlsinlər. Və biz onu hər dəfə məhdudlaşdıranda və ya cilovlayanda bu, Konqresin niyyətinə ziddir... Cek Sallivan son iki ildə bu yarıtmaz yanaşmadan istifadə edir" deyən Makkol müharibənin ilkin mərhələlərində bütün silahların "çox təxribatçı" hesab edildiyini xatırladıb.
Ötən həftə Ukrayna Rusiya ərazisindəki hədəflərə Amerika silahları ilə zərbələr endirmək üçün məhdud icazə aldığını təsdiqləyib.
Ağ Ev aydınlaşdırıb ki, Amerika silahları ilə zərbə endirmək icazəsi təkcə Xarkov vilayətinin deyil, həm də Sumı vilayətinin sərhədyanı rayonlarına aiddir. Eyni zamanda, icazə ATACMS uzaq mənzilli raketlərə şamil edilmir.
Alpər