ABŞ Nümayəndələr Palatası Ukraynaya hərbi yardımın davam etdirilməsi ilə bağlı qanun layihəsini qəbul edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Palatanın üzvü Don Beykon sosial şəbəkə X-də məlumat verib.
Onun sözlərinə görə, 353 konqresmen lehinə, 76 nəfər isə əleyhinə səs verib. İki partiyanın da dəstəyi ilə HR4016 saylı qanun layihəsinin Senata göndərilməsinə şərait yaranıb.
Qanun layihəsi artıq Senatda dəyişdirilə, dəyişikliksiz qəbul edilə və ya tamamilə rədd edilə bilər. Əgər Senat sənədi qəbul etsə, o zaman prezidentin imzasına göndəriləcək.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı ritorikasını kəskin şəkildə dəyişib və Ukraynaya hərbi yardım paketini elan edib. Onun sözlərinə görə, Patriot hava hücumundan müdafiə sistemləri üçün raketlər artıq Ukraynaya yola salınıb.
Tramp həmçinin bildirib ki, bu yeni yardım bəyanatından sonra hələ Rusiya prezidenti Vladimir Putinlə danışmayıb. O əlavə edib ki, Putin yeni ABŞ sanksiyaları qüvvəyə minməmişdən əvvəl atəşkəs sazişinə razı olmalıdır. Trampın fikrincə, Ukrayna Moskvaya hücum etməməlidir.
Vaşinqtonda, xüsusilə də Kapitoli təpəsində də əhval-ruhiyyə dəyişir. Təxminən iki il əvvəl Nümayəndələr Palatasının respublikaçıları Ukraynaya yardımın davam etməsinə qarşı çıxırdılar. İndi isə bir çoxu mövqeyini dəyişməyə tələsir və bununla prezident Donald Trampa bənzəməyə çalışırlar.
Alpər
Şərhlər