ABŞ Konqresinin Nümayəndələr Palatasının yeni spikeri Mayk Conson Ukraynaya yardımın ayrılması ilə bağlı danışıqlara "müəyyən şərtlər daxilində” açıq olduğunu bildirib.
Qaynarinfo bu barədə "Bloomberg"ə
istinadən xəbər verir.
O qeyd edib ki, Nümayəndələr Palatası bu məsələ üzərində işləyir, lakin onların "müəyyən şərtləri olacaq”.
"Biz cavabdehlik istəyirik və istəyir ki, Ağ Evin aydın məqsədləri olsun. Amma biz bu müzakirələri aparacağıq. Çox məhsuldar müzakirələr olacaq", deyə spiker bildirib.
"Bloomberg" yazır ki, Consonun Ukraynaya yardımla bağlı keçmiş skeptisizminə baxmayaraq, o, indi "danışıqlara açıqdır”.
Xatırladaq ki, dünən ABŞ Konqresinin Nümayəndələr Palatası Kevin Makkartinin istefasından sonra özünün yeni sədrini seçib. Respublikaçı Mayk Conson ABŞ Konqresinin aşağı palatasının spikeri olub.
Conson ABŞ-ın 45-ci prezidenti Donald Trampın müttəfiqidir. O, impiçment dinləmələri zamanı Trampı müdafiə edib, həmçinin dörd ştatda 2020-ci il seçkilərinin nəticələrinin ləğvi ilə bağlı iddianı dəstəkləyib.
Bundan əlavə, Conson açıq şəkildə Ukrayna əleyhinə mövqe tutur. Keçən ilin may ayında Conson Ukraynaya 40 milyard dollarlıq yardım paketinin əleyhinə səs verib. O, öz mövqeyini onunla izah edib ki, bu pul ABŞ-ın cənub sərhədinin möhkəmləndirilməsinə və digər daxili ehtiyaclara yönəldilməlidir.
Nizami Bağırov