Dünya 14:55 25.03.2024

NYT: Qərb ölkələri Paris Olimpiadası zamanı terror hücumlarından qorxurlar

Qərb rəsmiləri Paris Olimpiadası zamanı Moskva yaxınlığındakı "Krokus Siti Holl”da törədilən terror aktından sonra terror hücumlarından ehtiyat edirlər.

Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times” (NYT) terrorizmlə mübarizədə iştirak edən BMT rəsmilərinə istinadən yazır.
 
"Mən Paris Olimpiadasından narahatam. Onlar terrorçuların əsas hədəfinə çevriləcək", - BMT-nin terrorla mübarizə üzrə keçmiş yüksək rütbəli rəsmisi, hazırda ekstremizmlə mübarizə proqramının baş məsləhətçisi olan Edmund Fitton-Braun bildirib. 

BMT-nin "Vilayəti Xorasan”dan təhlükə ilə bağlı hesabatda deyilir ki, "Əfqanıstan və ya Ukraynadan Avropaya gələn Şimali Qafqaz və Mərkəzi Asiya əsilli bəzi şəxslər Qərbdə qəddar hücumlar həyata keçirməyə çalışan İŞİD-X-in hədəfindədirlər”. BMT-nin hesabatında həmçinin qeyd olunur ki, İŞİD-X-in Avropada davam edən və yarımçıq qalmış planlarına dair sübutlar var.

Qərbin yüksək rütbəli kəşfiyyat rəsmisi İŞİD-X yaraqlılarını Avropada növbəti hücumlar həyata keçirməyə ruhlandıra biləcək üç əsas amili açıqlayıb: Avropada "yatmış” qrupların mövcudluğu, Qəzza zolağında İsrail-Fələstin müharibəsi və Avropada yaşayan rusdilli insanların dəstəyi.

"Bu yaraqlıların fəaliyyəti son iki ildə Rusiyaya yönəlib", - Nyu Yorkda yerləşən "Soufan Group” təhlükəsizlik konsaltinq şirkətinin terrorla mübarizə üzrə analitiki Kolin P. Klark bildirib. 

Yanvar ayında "Vilayəti-Xorasan” yaraqlılarının İranda iki terror aktı törətdiyi, onlarla insanın öldüyü və yüzlərlə insanın yaralandığı iddia edilir. Yanvar ayında maskalı silahlı şəxslər İstanbulda Roma Katolik kilsəsinə hücum edərək bir nəfəri öldürüblər. Türkiyənin hüquq-mühafizə orqanları əksəriyyəti Mərkəzi Asiya ölkələrinin vətəndaşları olan 47 nəfəri saxlayıb. Ötən ilin iyulunda Almaniya və Niderland Tacikistan, Türkmənistan və Qırğızıstanın 7 vətəndaşını həbs ediblər - onların hamısı İŞİD-X şəbəkəsi ilə əlaqəli olub. Onlar Almaniyada terror aktları hazırlamaqda şübhəli bilinirlər.

NYT-nin qeyd etdiyi kimi, "Crocus City Hall”da baş verən terror aktı son on ildə Şimal yarımkürəsində "İslam Dövləti” yaraqlılarının hücumuna məruz qalan üçüncü konsert məkanı olub. Onlar daha əvvəl 2015-ci ilin noyabrında Parisdəki "Bataclan” teatrına hücum ediblər, 2017-ci ilin mayında isə kamikadze İngiltərənin Mançester Arenasında Ariana Qrandenin konserti zamanı partlayış törədib. 

Martın 22-də Moskva yaxınlığındakı "Crocus City Hall”da 144 insanın həlak olduğu terror aktına görə məsuliyyəti "İslam Dövləti” üzərinə götürüb. 

Nizami Bağırov