"Nyukasl"ın kapitanı Camaal Laskelles qardaşı və dostları ilə gecə gəzintisində olarkən gözlənilmədən davaya qarışıb.
Qaynarinfo-nun məlumatına görə, İngiltərə polisi "Nyukasl"ın kapitanının iştirakı ilə şəhərin mərkəzində baş verən davanı araşdırır. Burada bir qrup kişi oyunçunu və qardaşını vurmaqla hədələyib.
Lascelles Taynsaydda kiçik qardaşı və dostu ilə gecə klubundan çıxan zaman bir nəfər onun 19 yaşlı qardaşının boğazına dirsəklə vurub. Bu səbəbdən müdafiəçi ilə həmin adam arasında dava düşüb. İddialara görə, dava zamanı Laskellesə tərəf içi dolu olan araq şüşəsi atılıb. Bundan sonra bir neçə nəfər 29 yaşlı oyunçuya hücum edib. O adamlardan birini yerə yıxmağı bacarsa da, qardaşı təpik və yumruq zərbələrinə tuş gəlib. Üstəlik onun dostlarından birinin başına təpik dəyib və huşunu itirib.
Hadisə şahidlərinin bildirdiyinə görə, Nottingem əsilli ulduz dava boyu özünü və kiçik qardaşını qorumağa çalışıb. Təcili yardım briqadaları gələnə qədər davaya səbəb olan qrup üzvləri qaçıb və Laskellesin dostu xəstəxanaya aparılıb.
2014-cü ildə "Nyukasl"a transfer olunan kapitan bazar günü "Nyukasl"ın "Liverpul"la matçında ehtiyat oyunçular skamyasında olub. O, klubunda 225 oyunda meydana çıxıb. 2016-cı ildən komandanın kapitanıdır.
Səbuhi Həsənov
Şərhlər