Nyu York şəhərinin fövqəladə halların idarə olunması departamenti metropol sakinlərinə nüvə zərbəsi zamanı necə davranmalı olduqlarını göstərən video yayımlayıb.
Qaynarinfo xəbər verir ki, videonun məzmunu ilə YouTube-da tanış olmaq olar.
Videoda şəhərin nüvə hücumundan əziyyət çəkdiyi vəziyyət əks olunub, nüvə zərbəsini endirən qüvvələrin adı açıqlanmır. Aparıcı tövsiyyə edir ki, şəhər sakinləri qapalı məkanlara sığınsınlar, pəncərələrdən uzaq dursunlar, mümkünsə zirzəmiyə ensinlər.
Partlayış sakinləri küçədə yaxalayıbsa, o zaman onlar "dərhal təmizlənməli", xüsusən də radioaktiv tozdan qorunmaq üçün bütün paltarlarını çıxarıb polietilenə bükməlidirlər.
Vətəndaşlara mediada gedən xəbərləri izləmələri və səlahiyyətlilər bunun təhlükəsiz olduğunu bildirənə qədər çölə çıxmamaları tövsiyə olunur.
Bununla belə, Fövqəladə Hallar Departamenti "Nyu York şəhərində və ya onun ətrafında nüvə silahı ilə bağlı insident ehtimalının çox az olduğunu" bildirir, lakin vətəndaşlara tam hazır olmağı tövsiyə edir.