Hüseynbala Səlimov
O QƏDƏR SADƏDİR Kİ...
Bəli, növbəti ilimiz siyasət, xüsusən də geosiyasət baxımından çox maraqlı olmağı vəd edir. Bunun özü də az şey deyil, bəzən dünyanın yeknəsəqlyi və statikliyi, üzücü determinizmi adamı elə yorur ki...
İndi, maraqlı olmağı vəd edən ilin ərəfəsində isə bunu demək olmur. Hamı bərk məşğuldur. D.Tramp özünün komandasını yaratmaqla, digərləri isə bu siyasətçi-biznesmenin onlara hansı sürprizləri yaşada biləcəyini təxmin etməklə məşguldur...
Bəlkə də dünyanın təlaşı qarşılığında Azərbaycanda yaşananlar bir heçdir, çünki burada hamı D.Trampın Qafqazlardakı siyasətə, eləcə də Qarabağ probleminə hansı “yeniliklər”i gətirəcəyini təxmin etməkdən daha çox ölkədəki siyasət olimpində hansı “külək”lərin əsəcəyini, kimlərin bu küləyin dalğasında qalxa, kimlərin isə əksinə, enə biləcəyini müəyyən etməklə məşğuldur...
Amma çox maraqlıdır ki, D.Trampın seçilməsilə rəsmi Bakı üçün problemlərin yarana bilməsindən narahatlıq keçirənləri elə hakimiyyət təmsilçilərinin özləri sakitləşdirdi. Deyildi ki, Bakı respublikaçılarla həmişə daha asan anlaşıb...
Tərəfimizdən də əlavə edərdik ki, bu, həqiqətən də belə olubdur və hətta bir vaxt Azərbaycana qarşı tətbiq olunan məşhur 907-ci düzəlişin də qüvvəsini respublikaçı C.Buş dayandırmışdı...
Elə bu səbəbdən də narahatlığa dəyməz, ən azı ona görə ki, hətta problem yaranarsa, hakimiyyət özünü hifz etmək üçün bir yol tapacaq...
Bütün bunların əvəzində isə böyük siyasətə minnətdar olmalıyıq ki, bizlərə belə maraqlı anlar yaşadır. Hara baxırsan, nəyi oxuyursan, hamı ABŞ-dakı seçkiləri və bir də D.Tramp cənablarını müzakirə edir....
Bəli, başqa vaxt özünü “siyasətdən uzaq” adlandıranlar da, onunla maraqlanmayanlar da özlərini hansısa fikir söyləməkdən, hətta proqnoz verməkdən saxlaya bilmirlər.
Təbii, bunun bir aşkar səbəbi ABŞ-ın dünyadakı yeri və roludursa, digər səbəbi bu seçkinin demək olar ki, əvvəlkilərinə heç bənzəməməsidir...
Oxşar vəziyyəti şəxsən mən sonuncu dəfə 90-cı illərdə V.Jirinovski və onun partiyası ilk dəfə Rusiya Dumasına keçərkən yaşamışdım.
Ola bilsin, D.Trampın V.Jirinovski ilə müqayisəsi bir o qədər də uğurlu məşğuliyyət deyil. Amma onların hər ikisi dağıtmağa və siyasi avantürizmə meyllidir. Həm də D.Tramp da elə V.Jirinovski kimi o qədər “sadə”dir ki, lap Q.Markesin “Patriarxın payızı” əsərində deyildiyi kimi, bu sadəliyə baxanda adamın bədənindən üşütmə keçir...
AVROPANIN TƏLAŞI...
Qərəz, indi hamını yalnız bircə sual düşündürür. Görən, D.Tramp özünün seçki vaxtı dediklərinə nə qədər sadiq qalacaqdır? Məsələ bundadır ki, əgər o, seçkilər vaxtı dediklərini edərsə, dünya həqiqətən məhvərindən çıxar...
Üstəlik, bizim D.Tramp cənabları təkcə ona səs verməyənləri təlaşlandırmır. Artıq qeyd etdiyim kimi, bütün dünya təlaş içindədir. B.Obama hakimiyyətin “hamar keçid”ini təmin etmək və D.Trampın gəlişindən təlaş duyan ölkələri sakitləşdirmək üçün özünün son dünya turuna çıxmışdı. Təsəlli tələb edən və yaxud aydınlıq gətiriləsi məqamlar isə həqiqətən də çoxdur...
Bəli, böyük ehtimalla NATO yarandığı gündən düz bu vaxta qədər onun rəhbərləri və strateqləri belə sual dolu anlar yaşamamışdılar...
Avropa Birliyi isə belə həyəcanı bəlkə də Böyük Britaniya Birlikdən çıxan zaman görmüşdü...
Hal-hazırda bir neçə tapmaca, bəli, elə həqiqətən də geosiyasi tapmaca, dünyanın bütün “beyin mərkəzləri”ni düşündürməkdədir...
Bunlardan ən birincisi D.Trampın Avropaya yönəlik, xüsusən də NATO ilə bağlı yürüdücəyi siyasətdir. Təbii ki, digər məsələlər də - İranla sazişə münasibət də, Yaxın Şərq siyasəti də heç də az maraq kəsb etmir. Amma daha çox Trampın NATO ilə bağlı dedikləri ciddi şəkildə araşdırılır və nəsə bir nəticə və qənaət əldə etməyə cəhd göstərilir...
Məsələ bundadır ki, Tramp Avropanın “təhlükəsizlik divarı”nda elə bir kərpicdən yapışıb ki, bu, onun on illər ərzində formalaşmış təhlükəsizlik və ya əməkdaşlıq özülünü uçura bilər...
Ona görə də iki məsələ müstəsna maraq kəsb edir. Bunlardan biri NATO-nun bir blok kimi taleyi, digəri isə NATO-nun və eləcə də ABŞ - ın Rusiyaya yönəlik siyasətidir...
NATO-nun çoxbilmiş strateqləri dəfələrlə, israrla desələr də ki, artıq Rusiya onlar üçün əsas hədəf deyildir, yenə də bu ölkə onların dilində hallanan ən əsas ünvandır. Ona görə də əvvəlcə Rusiyadan başlayaq...
RUSİYA MDB İLƏ MƏHDUDLAŞMAQ İSTƏMİR..
Hamı həm də gözləyir ki, görəsən, Rusiya ilə münasibətlər necə qurulacaq? Rusiya özü isə D.Tramp seçiləndən sonra lap əsl eyforiya içindədir. Gəl ki, D.Tramp bu məsələyə hələ də tamam aydınlıq gətirməyə tələsmir – təbrik də olub, V.Putinlə telefon danışığı da baş tutub, amma D.Tramp hələ susur və geniş açıqlamalar vermir...
Hərçənd, onun yanvar ayında andiçmə mərasimindən dərhal sonra Rusiyaya səfərə yollanacağı və bu minvalla da D.Trampın səfər edəcəyi ilk ölkənin Rusiya olacağı bildirilir...
Bir tərəfdən baxanda, Rusiya ilə münasibətlərin normallaşmasında qeyri-adi bir şey yoxdur. Elə prezident B.Obama da bir vaxtlar deyirdi ki, indi soyuq müharibə dövrü deyil, çünki Rusiya artıq dünya üçün təhlükə ola biləcək hər hansı qlobal ideya daşımır.
Əvvəllər bu ideya kommunizm idi. İndi isə nə kommunizm var, nə də buna bənzər başqa bir ideya... Amma Rusiyanın iddiaları var ki, bunlar heç də əski ideyadan az təhdid etmir dünyanı...
Düzdür, ABŞ-ın xarici siyasətində şok xarakterli dönüşlər çox olub. Məsələn, götürək elə Riçard Niksonun vaxtında münasibətlərin qismən istiləşməsini. Məgər bu detal dediklərimizə sübut deyilmi?
Amma bir məsələ var. Rusiyanın bütün MDB məkanındakı münaqişələrin arxasında dayanması bir tərəfə, ölkə açıq şəkildə Krımı ilhaq edib. Necə olacaq və D.Tramp bu məsələyə göz yumacaqmı?..
Çox adam, o cümlədən də ABŞ-ın xarici siyasət patriarxlarından biri sayılan məşhur Henri Kissincer də düşünür ki, prezidentliyə başlayandan sonra D.Trampın çox məsələlərə münasibəti cilalanacaq...
Nə demək olar? Hər bir halda, keçmiş dövlət katibi siyasətçiləri, xüsusən də ABŞ prezidentlərini daha yaxşı tanıyır..
Maraqlısı budur ki, Avropanı Trampın gəlişinə hazırlamaq üçün bu kontinentə yollanan B.Obama da Rusiyaya münasibəti isitmək fikrində deyil. Elə Avropa turnesi zamanı da o, hamını inandırmağa çalışdı ki, ən azı Rusiya qonşu ölkə - Ukrayna ilə münasibətlərini sahmana salmayınca sanksiyalar qalacaq və hələ bir az da sərtləşəcək...
Fəqət, B.Obamanın hakimiyyətinin bitməsinə cəmi ikicə ay qalıb. Ona görə də bilmək olmur, Avropada onun başına toplaşanları daha çox nə bir araya gətirmişdi? Bu, bir nəzakət xarakterli, bir vida görüşü idi, yoxsa B.Obama həqiqətən də özünün avropalı həmkarlarını ABŞ siyasətinin varisliyinə inandıra bilmişdi?..
Məsələ bundadır ki, Rusiya indi bir vaxtlar olduğu kimi MDB məkanı ilə məhdudlaşmaq istəmir, onun bombalarının səsi Yaxın Şərqdən gəlir və ruslar D.Trampla dünayanı bölüşəcəklərini zənn edirlər...
Bəli, D.Trampın, tutaq ki, Yaxın Şərqə baxışı bir qədər fərqlidir və o, bu bölgədə Rusiya ilə əməkdaşlığın perspektivinə inanır.
Amma bura Yaxın Şərqdir və bir böyük neft hövzəsidir. Rusiya həmişə, tarix boyu buralara can atıb. Elə Azərbaycanı da onun gözündə qiymətə mindirən daha çox odur ki, bu kiçik ölkə həqiqətən də Şərqin qapısıdır və “Şərqin qapısı” epiteti heç də bizim aşıqların uydurması deyildir...
Fəqət, ABŞ Rusiyanın Yaxın Şərqə girişini təqdir edəcəkmi? Təbii ki, bütün bu sualların cavabı həm də D.Trampın bu vaxta qədər qurulan və dünyada demək olar ki, ciddi analoqu olmayan Şimali Atlantika hərbi alyansına nə qədər önəm verəcəyindən də asılıdır...
NATO-YA GÖRƏ NARAHAT OLMAĞA DƏYƏRMİ?
Nəhayət, çatdıq Avropaya və onun NATO-suna. Bəli, neçə müddətdir, artıq yarım əsrdən də çoxdur ki, Avropada təhlükəsizlik və əməkdaşlıq arxitekturası deyilən bir institut formalaşıb.
D.Tramp bunu da təftiş etməyə və diqqəti belə bir detala yönəltməyə çalışır ki, sadəcə, ölkəsini NATO-nun yükündən xilas etmək istəyir, çünki Alyansın xərclərinin 70 faizini ABŞ ödəyir.
Əslində burada məntiq vardır. Avropa indi əlli bundan əvvəlki kontinent deyil və avropalılar da başa düşməlidir ki, təhlükəsizilik üçün də pul ödəmək lazımdır, xüsusən də nəzərə alanda ki, kontinentin belə imkanı vardır...
Doğrusu, D.Trampın NATO ilə bağlı dedikləri bizi hər şeydən az qayğılandırır. Ona görə ki, keçmiş Yuqoslaviyadan başqa heç bir yerdə bu blok bir işə yaramayıb. Biz də onlardan çox şey umurduq, üstəlik, biz bir tərəfə, Gürcütsan kimi israrla NATO-nun qapılarını döyən ölkələr var, amma bu qapılar onların üzünə açılmır ki, açılmır...
Düzdür, bir daha belə bir detalı vurğulamaq istəyirik ki, Azərbaycan NATO-ya üzv olmağa nəinki israrlı olmayıb, hətta rəsmi Bakı blokun adını da çəkəməyə ehtiyat edib ki, birdən Kreml onlardan narazı qalar. Amma bir azacıq əvvəldə Gürcüstanın adını çəkdik – onlar Alyansa üzv olmaq istəyirlər, fəqət, NATO bunu istəmir...
TRAMP ÜÇÜN İKİ XƏBƏRDARLIQ...
D.Trampa gəldikdə isə, iki ciddi məqam var. Birincisi, B.Obama avropalıları inandırmağa çalışdı ki, Alyansı ciddi təhlükə gözləmir. Amma həm də belə bir məqamı vurğuladı ki, bundan sonra ABŞ Blok qarşısında özünün maliyyə öhdəliklərini yerinə yetirməyən ölkələrə qarşı daha sərt olacaq...
İkincisi, D.Tramp seçki debatları vaxtı söylədiklərini etmək, dünyanın, bəli, demək olar ki, dünyanın ən azı yarım əsrlik təhlükəsizlik arxitekturası ilə zarafat etmək fikrinə düşərsə, o halda, ABŞ-ın hərb və təhlükəsizlik maşını ilə üz-üzə dayana bilər. Bunu isə ona heç arzulamazdıq...
Qərəz, iki ay bir elə də böyük müddət deyil. Amma bütün hallarda vaxtdır. Deməli, Trampın da, elə avropalıların da düşünmək üçün hələ vaxtı var...
Qaynarinfo.Az