
ABŞ-ın prezidenti Barak Obama növbəti dəfə büdcə dalanından çıxmaq üçün Ağ Evin büdcə xərclərinin sekvestrləşdirilməsi haqqında təklifinə qarşı çıxmış respublikaçıları tənqid edib.
Trend-in verdiyi məlumatda bildirilir ki, ABŞ prezidentinin çıxışı zamanı büdcə xərclərinin azaldılması nəticəsində yaranacaq "effekt dalğası" orta sinfin, həmçinin, ABŞ iqtisadiyyatının vəziyyətinə təsir göstərəcəyi qeyd edilib.
"Bu dünyanın sonu olmayacaq. Amma eyni zamanda bütün iqtisadiyyata zərbə vuracaq" - deyə Obama əlavə edib.
Onun sözlərinə görə, büdcə xərclərinin avtomatik azaldılması mexanizminin işə düşməsi ölkə iqtisadiyyatı üçün 750 min iş yerinə başa gələcək.
Bununla yanaşı, Obama əminliklə bildirib ki, deyilənləri nəzərə alaraq, respublikaçılar danışıqlar masasına əyləşəcək.
Prezidentin qiymətləndirməsinə görə, yekun nəticənin əldə edilməsi iki həftədən 2 ayadək sürə bilər.
Qeyd edək ki, avtomatik sekvestrləşdirmə növbəti 10 il ərzində ABŞ-ın dövlət büdcəsinin xərclər hissəsinin 1.2 trilyon dollar azaldılmasına gətirib çıxacaq. Bu vəsaitin yarısı isə dövlətin orduya ayırdığı xərclərin hesabına əldə olunacaq.
Qaynar.info